loading...
loading...

Allergiyası olan uşaqlarda bu ƏLAMƏTLƏRƏ DİQQƏT

loading...

Allergik rinit uşaqlarda çox sıx görülən allergik xəstəlikdir.

Aile.Fenomen.Az pediatr Günay Rəsulovanın məqaləsini təqdim edir.

 

Allergik rinit uşaqlarda çox sıx görülən allergik xəstəlikdir.

 

Əlamətləri:
 

Burun axıntısı, tıxanıqlıq, tez-tez asqırma, burunda qaşınma, davamlı öskürək, ağızdan nəfəs alma, iştahsızlıq, tıxanıqlığa bağlı yuxu pozuntuları, əsəbilik və s.

 

Ailəsində astma, rinit olan, yazda tozlanma dövründə doğulmuş uşaqlar, əlavə qidaya erkən başlayan, ev tozu, ev heyvanları ilə təması olan, evində siqaret çəkilən uşaqlarda yüksək allergik rinit və astma riski var.


Allergik xəstəliyi olan uşaqların özəl qida rejimi və həyat tərzi olmalıdır. Obliqat - allergik qidalar rasionda olmamalıdır (şirniyyatlar, fast-foodlar, qazlı içkilər, kofe, şokolad, çərəzlər, ketçup, ədviyyatlar, sitrus meyvələri, bal və s)

 

Uşaqlar çirkli hava, ekoloji qeyri-təmiz, aşırı rütubətli ortamlardan uzaq tutulmalıdırlar. Uşağın yatağı yundan olmamalı, yatdığı otaqda xalça, palaz, otaq hava ətirləndiriciləri, "ayıcıq" tipli tüklü oyuncaqlar olmamalıdır.
 

Allergik rinitə bağlı burun tənəffüsü çətin olan uşaqlar gecə yuxusuz, gündüzləri yorğun, əzgin, yaddaşı zəif olurlar. Sərbəst burun tənəffüsü inkişafda olan orqanizm üçün çox önəmlidir.
 

Allergik rinit bronxial astma xəstəliyi üçün çox yüksək risk yaradır. Ancaq vaxtında qoyulan diaqnoz və aparılan müalicələr sayəsində bu xəstəlik tamamilə aradan qalxır. Bununla övladınızı astma kimi ciddi bir xəstəlikdən qorumuş olursunuz.

 

Allergik bronxit, yoxsa bronxial astma?

 

Astma uşaqlarda ən sıx rast gəlinən xroniki tənəffüs yolu xəstəliklərindəndir. Nəzərinizə çatdırım ki, allergik bronxit diaqnozu yoxdur. Əgər uşaqlarda aşağıda sadalayacağım simptomlar varsa, bu, artıq bronxial astmadır:


- Təkrarlanan öskürəklər
- Xışıltı, vizing (səsli, musiqili tənəffüs)
- Nəfəsvermənin çətinləşməsi ilə gedən təngnəfəslik
- Gecə öskürək tutmaları
- Fiziki hərəkətlə artan öskürək tutmaları, vizing və s.


Erkən yaşlı uşaqlarda - 2-3 yaşda astma diaqnozu qoymaq çətindir. Çünki bu yaşlarda respirator viruslar (bronxiolit) və bronxların quruluş xüsusiyyətlərinə görə asanlıqla vizing (musiqili xışıltı, bronxspazm) əmələ gələ bilər. Bu yaşlarda astmanı dəstəkləyəcək hər hansı laborator müayinə də yoxdur. Lakin bu yaş uşaqlarda 3 dəfədən çox vizing atakları olarsa, üstəlik ana və ya atada astma xəstəliyi varsa, uşaqda eqzema, allergik rinit varsa, süd, yumurta və ya fıstıq kimi bəzi qidalara qarşı allergik reaksiya olmuşdursa, bu əlamətlər astmadan xəbər verir.


Astma diaqnozu qoymaq üçün lazım olan müayinələr:
 

- Ağciyər rentgendə havalanma artımı
- Yüksək İg E
- Pozitiv Spesifik İg E
- Dəri prik testləri
- Tənəffüs testləri - spirometriya
 

Astma diaqnozu qoymaq üçün əsas kömək edici müayinə tənəffüs testləri -spirometriyadir ki, onu 5 yaşdan yuxarı uşaqlarda tətbiq edə bilirik.
 

Astmanın qarşısını almaq üçün uşaqları həssas olduğu qida və ya respirator allergenlərdən maksimum uzaq tutmaq lazımdır. Mütləq allergen qidalar rasiondan çıxarılmalı, xüsusilə ev tozu, yun tozu, ev heyvanı tükü, tüklü oyuncaqlar astma riski olan uşaqlara verilməməlidir.


Astması olan uşaqları mümkün olduqca respirator xəstəliklərdən qorumaq lazımdır. Bundan başqa astması olan uşağın yanında siqaret çəkilməməli, dırnaq boyası, paltar yuma vasitələri, parfüm, ev hava ətirləndiriciləri və başqa kəskin qoxularla təmasdan uzaq tutulmalıdır.


Astmanın müalicəsində məqsəd tutmaların qarşısını almaq və astmalı uşaqların da digər uşaqlar kimi, sağlam həyat tərzi yaşamalarını təmin etməkdir.


loading...
Oxşar xəbərlər