Ana südünü artırmaq üçün XALQ TƏBABƏTİ RESEPTLƏRİ

loading...

Ana südünü artırmaq üçün XALQ TƏBABƏTİ RESEPTLƏRİ

Hipoqalaktiya süd vəzilərinin sekretor qabiliyyətinin azalması nəticəsində südverən anada körpəni yedirməyə yetərli qədər südün olmaması halıdır. Hypo-altında, aşağı, galactos-süd deməkdir. Birincili və ikincili olmaqla hipoqalaktiyanın iki forması ayırd edilir.

Birincili hipoqalaktiyaya qadınların 4-10 faizində rast gəlinir. Birincili hipoqalaktiyanın səbəblərinə doğuş dominantlığının olmaması, doğuşdan sonra uşağa süd verməmək, doğuşdan sonrakı mərhələdə qadında laktasiya üçün psixoloji stimulun olmaması və s. daxildir.

İkincili hipoqalaktiyanın səbəblərinə fiziki yorğunluq və sinir sisteminin yüklənməsi, mastit və gilə çatları, qrip, angina, vərəm kimi xəstəliklərə yoluxma, südün uşağa rejimsiz verilməsi, laktasion krizlər və s. aiddir.

Südverən ana südün yaranmasını və ifrazını artırmaq üçün öz qida rasionlarına ciddi şəkildə diqqət yetirməlidir. Qoz, fındıq, araxis, toyuq əti, kök, şüyüd, kahı, dəniz kələmi, qara turp, boranı kimi məhsullarla qidalanma faydalı təsir göstərir. Gün ərzində qəbul edilən mayenin həcmini artırmaq çox vacibdir. Hipoqalaktiyanın müalicəsi üçün çox vaxt hormonal və tonuslandırıcı dərman preparatları, polivitaminlər tətbiq edilir. Fitoterapevtik üsullar da çox səmərəlidir:

 

RESEPTLƏR

 

Bitki dəmləmələri

- 2 xörək qaşığı boymadərən otu üzərinə 1 stəkan qaynar su əlavə edilərək su hamamında 15 dəqiqə saxlanır, alınan dəmləmə süzülərək gün ərzində 3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl 1/2 stəkan qəbul edilir.

- 1 xörək qaşığı bədrənc otu üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanır. Alınan dəmləmə gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.

- 1 xörək qaşığı itburnu meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək ağzı kip şəkildə bağlanır, su hamamında 15 dəqiqə saxlanır, soyuyub süzüləndən sonra alınan dəmləmənin həcmi su ilə 200 ml-ə çatdırılır, gündə 2-3 dəfə yeməkdən sonra 1/2 stəkan qəbul edilir.

- 1 xörək qaşığı xırdalanmış zəncirotu kökləri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamına qoyulur, süzüləndən sonra gündə 3-4 dəfə yeməkdən əvvəl 1/3 stəkan qəbul edilir.

 

Toxum-meyvələr

 

- 2 xörək qaşığı razyana meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanır, alınan dəmləmədən 1 çay qaşığı 1/4 stəkan ilıq suda qarışdırılaraq gündə 3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl içilir.

- 1 çay qaşığı cirə meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanır, soyudularaq süzülür, alınan dəmləmənin həcmi 200 ml-ə çatana qədər üzərinə su əlavə edilir, gündə 3-4 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl 1/4 stəkan qəbul edilir.

- 1 çay qaşığı şüyüd toxumları üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə ağzı bağlı halda su hamamında saxlanır, alınan dəmləməyə su əlavə edilərək 200 ml-ə çatdırılır. Gündə 3-4 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl 1/4 stəkan qəbul edilir.

- 1 xörək qaşığı zirə meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanır, soyudulub süzüləndən sonra su əlavə edilərək həcmi 200 ml-ə çatdırılır. Alınan dəmləmə gündə 2-3 dəfə yeməkdən sonra 1/2-1/3 stəkan qəbul edilir.

 

Şirələr

 

- Gündə 2-3 dəfə 1/2 stəkan təzə çəkilmiş kök şirəsi qəbul etmək süd ifrazını artırır. Kök şirəsinin dadını yaxşılaşdırmaq üçün süd, bal və ya hər hansı giləmeyvə şirəsi də əlavə etmək olar.

 

Gicitkənli 3 resept

 

- 1 xörək qaşığı gicitkən yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilərək 20 dəqiqə dəmlənilir, alınan dəmləmə gündə 3-4 dəfə 1/2 stəkan qəbul edilir.

- Yuyulmuş və xırdalanmış gicitkən sıxılır, şirəsi çıxarılıb süd və ya kvasla qarışdırılaraq dərhal qəbul edilir.

- 1 xörək qaşığı gicitkən toxumları üzərinə 2 stəkan qaynar su əlavə edilərək dəmlənilir, süzüləndən sonra 2 çay qaşığı bal əlavə edilərək gündə 2 dəfə 1/2 stəkan içilir.

 

Tealakton çayı

 

- Südvermə mərhələsində südartırıcı Tealakton çayı tövsiyə olunur. 1 və ya 2 filtr-bağlamanın üzərinə 1 stəkan qaynar su tökülərək 15-20 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə hər dəfə 1 stəkan yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə qəbul edilir. Doğuşdan 10 gün sonra  çayın qəbuluna başlanılması daha yaxşı səmərə verir.

 

Həkim-terapevt Zümrüd RƏHİMOVA

"Herba Flora" jurnalı



loading...
Oxşar xəbərlər