İnsanın yuxu görməsindəki hədəf nədir?

loading...

İnsanın yuxu görməsindəki hədəf nədir?

 

Yuxu görmək - Allahın nişanələrindən və qeyb aləminə açılan pəncərlərdən biridir. İnsanın özünü tanıması üçün bir yoldur.


Yuxu aləmi insanın daxilində olanları zahirə çıxardar və öz mənəvi vəziyyətindən xəbər verər. O insanlar ki, daima kabus görürlər, bu yolla öz ruhi vəziyyətlərinin yaxşı olmamasından agah olarlar. Yaxşı yuxular isə daxili səfadan xəbər verər.


Ona görə də yuxunun hikmətlərindən biri budur ki, insan özünü tanıyar və öz mənəvi halından xəbərdar olar. Ariflərin nəzərinə görə, yuxu - Allahın nemətlərindən biridir ki, insan onun vasitəsilə batini dünyasına nəzər sala bilir. Əgər yuxu olmasaydı, peyğəmbərlərin (ə) axirət haqqında buyurduqlarını qəbul etmək insanlar üçün çətin olardı. İnsan aşağı həddə də olsa, yuxu aləmində qeyb aləmini seyr edər və tövhidin həqiqətləri ilə tanış olar.

Allah Təala yuxunu ölümə bənzədir və insan yatan zaman bir növ ölümü təcrübə edir. "Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır. Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir. Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır".

("Zumər". 42).


Bu ayəyə əsasən, insan həm yatanda və həm də öləndə ruhu qəbz olunur, bir fərqlə ki, yuxudan ayılan zaman ruhu ona geri qayıdır, ancaq ölən zaman qayıtmır.
Yuxu görməyin hikmətlərindən biri də odur ki, insan hidayət olar. Yuxunun mərhələləri və növləri vardır. Onlardan biri - sadiq yuxulardır. Qurani-Kərim və hədislərimiz onun haqqında xəbər vermişdilər. Həzrət Peyğəmbər (s) buyurur: "Agah olun ki, nübuvvətin müjdələrindən bir şey qalmamışdır, məgər saleh yuxular ki, ya müsəlman özü görər, ya da başqaları onun haqqında görərlər".


Həzrət (s) başqa yerdə buyurur: "Sadiq yuxular nübuvvətin yetmiş hissəsinin bir hissəsidir".
Həzrət Peyğəmbər (s) bu ayənin təfsirində buyurur: "Onlar üçün dünya həyatında və axirətdə müjdə vardır (dünyada peyğəmbərlərin dili və qeybdən edilən ilhamlarla, ölüm zamanı mələklərlə və axirətdə Allahın xitabı, mələklərlə görüş və həqiqətlərin aşkar olması ilə)". ("Yunus" 64) Bu ayədə məqsəd - saleh yuxulardır ki, möminə onun vasitəsilə müjdə verilər. Nübəvvətin 64 hissəsindən biridir. Hər kim belə yuxu görər, onu sevən insana danışsın. Ancaq əgər qeyri-saleh yuxu görərsə, bu yuxu şeytan tərəfindəndir ki, onun qəm və qüssəsinə səbəb olsun. Ona görə də üç dəfə sol tərəfinə vursun (yəni bu fikri özündən uzaqlaşdırsın) və onu heç kəsə nəql etməsin".

 


loading...
Oxşar xəbərlər