Antidepressant dərmanlardan istifadə asılılıq yaradırmı?
Depressiya, mütəxəssis bir həkim tərəfindən təyin olunan, yüzdə 90 faiz nisbətində müalicə edilə bilən bir xəstəlikdir. Depressiyanın müalicəsində ilk addım mütləq şəkildə psixiatra müraciət etmək və onun təklifləri istiqamətində hərəkət etməkdir. Depressiyanın müalicəsində mütəmadi olaraq antidepressant dərmanlara müraciət edilir. Antidepressant dərmanlar, ümumi tibbdə və psixiatriyada ən çox istifadə edilən məşhur dərmanlar hesab edilir. Antidepressantlar nədir? Antidepressantlar yalnız depressiya vəziyyətində deyil, xüsusilə narahatlıq, təşviş pozuntularında, bəziləri yuxu pozuntularında və ya bir qismi stress tənzimləyicilər olaraq istifadə edilir. Şizofreniya və bipolyar pozuntu kimi xəstəliklərdə də vəziyyətə bağlı olaraq dövri şəkildə istifadə edildiyi zamanlar olur. Antidepressant vasitəsilə tətbiq olunan müalicə, xəstə dərmandan fayda gördükdən etibarən ən az 6 ay ərzində davam etməlidir. Qeyd etmək lazımdır ki, insanların psixiatrik dərmanlara qarşı düşüncələri fərqlidir. Həmçinin onların yan təsirləri haqqında da yanlış bilgilərə sahibdirlər. Bu məsələni aydınlaşdırmaq üçün antidepressantlarla bağlı bir çox nüanslara toxunmaq vacibdir: - Antidepressant dərmanlar beyində süni bir xoşbəxtlik yaratmır. Tam əksinə pozulmuş olan tarazlığı yenidən təmin etməyi hədəfləyir. - Antidepressant dərmanların təsiri düşünülənin əksinə, gec başlayır. - Antidepressantların istifadəsində həkim razılığı mütləq olduğu kimi eyni zamanda bu dərmanların kəsilmə müddəti də həkim nəzarəti altında olmalıdır. - Antidepressant dərmanlar kef vermir, narkotik təsir yaratmır. - Antidepressant dərmanlar asılılıq yaratmır. Günümüzdə hər çətinliyi olana antidepressant vermək, az qala təkrarlanan bir davranış halına gəlmişdir. Depressiyada olub-olmadıqlarını belə bilməyənlər, rahatlayacaqları ümidiylə müəyyən dövrlərdə antidepressantlardan istifadə edirlər. Xüsusilə şagirdlər, imtahan dövrlərində çətinlik və stressdən xilas olacaqlarına inanaraq antidepressant dərmanlara müraciət edirlər. Bəzi antidepressantların əczaxanalarda reseptsiz olaraq satılması isə bu vəziyyətə imkan yaradır. Bəs hansı hallarda biz dərman qəbul etməliyik? Əlbəttdə ki, əhval ruhiyyəmizin aşağı olması və ya müxtəlif narahatlıqlarımızın olması mütləq şəkildə dərman istifadəsinə yönəlməyimizə səbəb olmamalıdır. Əgər depressiv əlamətlər 2 həftədən çox davam edər və intihar barədə fikirlər yaranarsa, artıq bu zaman dərman istifadəsi vacibdir. Antidepressantlar asılılıq yaradırmı? Antidepressant dərmanlar illər boyunca istifadə edilsə belə fiziki asılılıq meydana gətirməzlər. Heroin, spirt, kokain kimi narkotik olaraq xarakterizə edilən maddələr kimi asılılıq yaratmırlar. Psixiatrik dərmanların digər dərmanlardan heç bir fərqi yoxdur. Somatik problemlər üçün istifadə edilən dərmanlarda yüngül əks təsirlər olduğu kimi bu dərmanlarda da müəyyən qədər ola bilir. Əlavə və yan təsirlər adətən ilk həftədə görülür və qısa müddət ərzində aradan qalxır. Antidepressantlara başlayarkən ən çox görülən yan təsir, ürək döyüntüləridir. Orqanizmə daxil olan antidepresanların təsiri ilə ürəyin sürətli döyünməsi normal qəbul edilməlidir. Bununla yanaşı: - İstəksizlik - Duyğuların təsirli olaraq yaşana bilməməsi - Narahatlıq - Halsızlıq - İştahsızlıq - Çəki itkiləri - Baş ağrısı yan təsirlərdən əsaslardır. Depressiya həblərini buraxdıqdan sonra görülən yan təsirlər: Depressiya həblərinin bəzi yan təsirləri, müalicədən sonra görülməkdədir. Müalicə sonunda dərman buraxma cədvəli (kəsilmə cədvəli) hazırlanır və mərhələli olaraq dərmanın dozası azaldılır. Çünki depressiya müalicəsi əsnasında dərmanın meydana gətirdiyi təsirin aradan qalxmasına beynin alışması üçün dərmanın pilləli olaraq buraxılması lazımdır. Bu yan təsirlər hər xəstədə görülmədiyi kimi, hər dərmandan da görülməyə bilər. Kəsilmə cədvəlini tətbiq edən insanlarda: - Əsəbilik - Gərginlik - Duyğu pozuntuları - Tərləmə - Baş gicəllənməsi - Mədə bulanması - Qusma görülə bilər. Əlavə və yan təsirlər adətən ilk həftədə görülür və qısa müddət ərzində aradan qalxır. Antidepressant dərmanlar və asılılıq deyildiyində dərman kəsilərkən ortaya çıxan bəzi təsirlər ağla gələ bilər ki, bunlara çəkilmə əlamətləri deyilir. Ümumiyyətlə dərmanlara başlayarkən ortaya çıxan bir çox əhəmiyyətsiz yan təsirlər kəsilərkən də hiss edilə bilər, ancaq bu durum heç bir şəkildə asılılıq mənasını ifadə etmir. Qədəmli İsmayılova Pcc.az