Uşaqları nənə-babaya etibar edək? - MÜTƏXƏSSİS RƏYİ
Bir çox xanımlara iş, karyera övlad dünyaya gətirəndən sonra onun baxımı, tərbiyəsi ilə məşğul olmağa maneçilik törədir. Nəticədə övladlarını dayə və ya bağçaya əmanət etmək istəməyən, yaxud buna maddi imkanı çatmayan xanımlar onları nənə-babalarının himayəsinə verməyə məcbur olurlar.
Bəs nənə-baba himayəsində böyüyən uşaqların valideyn nəzarətində böyüyənlərdən əsas fərqi nə olur, onlar cəmiyyətdə necə fərd olurlar? Onları nənə-babadan hansı yaşda, necə ayırmaq lazımdır? Ümumiyyətlə, nənə-baba uşaqlarının psixoloji durumu necə olur? Aile.lent.az milli.az-a istinadən bununla bağlı mütəxəssis fikirlərini təqdim edir.
"Uşaqlar ziddiyyət qarşısında qalır"
Professional Psixologiya Mərkəzinin rəhbəri Nuriyyə Quliyeva bu tipli uşaqların problemlərindən danışarkən deyir: "Nənə-baba tərəfindən tərbiyə edilən uşaqların əksəriyyətində ərköyünlük, eqoistlik, davranış pozuntuları müşahidə edilir. Bu cür uşaqlara ana-ata öz qayda-qanunlarını qoya bilmir. Bu vaxta qədər nənə-baba tərəfindən hər istədiklərinə nail olan, "yox", "olmaz" sözləri ilə qarşılaşmayan uşaq ana-atanın qadağalarına tabe olmaq istəmir. Cəza almamaq üçün isə yalanlar danışır.
Uşaq hər hansı bir şey istədikdə 2 fərqli və ziddiyyətli mövqe ilə qarşılaşır: bir tərəfdə "qadağalar qoyan" ana-ata, digər tərəfdə "güzəştə gedən" nənə-baba. Təhlil qabiliyyəti mükəmməl olmayan uşaq, əlbəttə ki, doğru və yanlış, faydalı və zərərli olanın nə olduğunu dərk etmədiyi üçün ona xoş təsir edən seçimi edəcək. Çünki ata-anası tərəfindən bunun qəbul edilmədiyini bildiyi kimi ona dəstək olan nənə-babanın olduğunu da bilir. Bəzən hətta bu cür situasiyalarla rastlaşdıqda uşaq ana-atanı onu sevməməkdə günahlandırır".
Psixoloq heç bir sevginin ata-ana sevgisini əvəz edə bilməyəcəyini düşünür: "Yaş artdıqca bu sevgisizlik onlarda müəyyən boşluqlar yaradacaq, izlər qoyacaq. Əlbəttə ki, uşaq nənə-baba əhatəsində də olmalıdır. Bu cür uşaqlar daha ünsiyyətcil olur. Amma təlim-tərbiyə işini valideynlər öz öhdələrinə götürməlidir".
"Nənə-babaları düşündürən budur: uşaq məni sevsin, vəssalam"
"Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova onlara bu tipli problemləri yaşayan ailələrin tez-tez müraciət etdiyini deyir: "Bizə böyük ailə daxilində yaşayan çox uşaq müraciət edir. Hətta çox vaxt nənə və babalar terapiya müayinədə olurlar. Nənə-baba 9 yaşından sonra uşağı gətirir. Çünki bu yaşa qədər "uşaqdı, yazıqdı", "uşaqda heç nə yoxdur, özünüzdən problem yaratmayın", - deyə düşünürlər. Ancaq artıq 9 yaşdan sonra cinsi yetişkənlik dövrü başlayanda uşaq nənə və babayla da toqquşmağa başlayır. Onlar öz əlləriylə necə bir "canavar" böyütdüklərinin fərqində olurlar. Bu zaman artıq psixoloqa müraciət etməli olurlar. Ancaq erkən yaşda müraciət edən analar da olur.
Ümumiyyətlə, nənə-babanın, yaxud gec ailə qurub 35 yaşdan sonra uşaq sahibi olan, sonsuzluq problemi yaşayıb müalicələrlə uşaq dünyaya gətirən valideynlərdə ərköyünlük müşahidə etmək mümkündür. Uşaq sahibi olmaq və uşaq tərbiyə etmək 25-26 yaşdan sonra başlayır. Burada insanın özünün psixoloji durumu və nə dərəcədə yetkin insan olması da önəmlidir. Ana-ata həmişə uşağının gələcək həyatını planlaşdırdığı üçün qaydaları rahat formalaşdıra bilir, qaydaları pozanda onların düz etmədiyini izah edə bilir. Bir sözlə, ana-ata daha qəddar olur və uşağın tərbiyəsiylə daha ciddi məşğul olurlar. Ancaq nənə-babalar adətən 50-60 yaşlarında olur və bu zaman onlar uşaq üçün gələcək planlaşdırmırlar. Yəni fikirləşmirlər ki, nəvələri 19 yaşında necə olacaq, nə edəcək? Buna görə də onların düşüncəsi fərqli olur. Vaxtilə öz övladlarının tərbiyəsi, gigiyenası, dərsləri ilə daha ciddi məşğul olan nənə-baba bunu nəvələri üçün edə bilmir. Bu da yaşdan asılıdır. Ancaq bu günə köklənirlər: uşaq məni sevsin, desin "nənə-baba yaxşıdır, mən onları çox sevirəm", bu, mənə bəs edir. Bunu bütün nənə-babalara şamil etmək olmaz, ancaq əksəriyyəti belədir".
Öz krallıqlarını bağçada və məktəbdə görməyən uşaqların fobiyası
Psixoloq xanımın sözlərinə görə, nənə-babalar nəvələrinə qayda-qanunsuz həyat formalaşdırırlar: "Onlara öz sözlərini keçirə bilmirlər, "yox" sözünə öyrədə bilmirlər. Ana-ata uşağı cəzalandırarkən nənə-babanın ürəyi dözmür, müdaxilə edir, hətta qarğış tökür. Öz yanına çəkir, qucaqlayır. Ana-ata da nənə-babayla problem yaşamasın deyə məcburən onlarla razılaşmalı olur. Zaman keçdikcə nənə-baba himayəsində böyüyən uşaqda xüsusən kavro-kaprizlər, davranış pozuntuları, isteriyalar müşahidə olunur. Bu uşaqlar yanlış və doğrunu insana görə müəyyən etməyə başlayırlar. Yəni uşaq artıq görə bilir ki, "yox” cavabı aldığım bir şeyə nənəmi razılaşdıra bilərəm. Nə qədər çox ağlasam, səs tonumu qaldırsam, istədiyimi əldə edə biləcəm. Bu oturuşmuş model bağça, məktəb həyatında çox böyük problemlər ortaya çıxarır. Bu uşaqların sosial adaptasiyasında həmişə sıxıntılar yaşanır. Özünə güvənsiz olduqlarından içə qapanırlar, kollektivə uyğunlaşa bilmirlər, evdəki "krallıqlarını" burada görə bilmədiklərindən bağça, məktəb fobiyasına meyilli olurlar. Bəzi uşaqlarda isə bu hal özünü aqressiyayla göstərir. Ana-ataya, müəllimlərinə, yaşıdlarına tabe olmayan, cığal uşağa, məğlubiyyəti qəbul etməyən bir şəxsiyyətə çevrilirlər".
"3 yaşına kimi uşağa ana özü baxmalıdır"
Psixoloq anaların nənə-babayla sağlam münasibət formalaşdırmalı olduğunu düşünür: "Onlarla görüşləri tənzimləməlidirlər. Bu gün hər yaşa və cibə uyğun bağçalar var. Digər tərəfdən, dayə köməyindən istifadə edə bilərlər. Çünki ən azı əmin olsunlar ki, pula qənaət etmək üçün uşağı nənə-baba himayəsinə verirlərsə, gələcəkdə bu pulun üç qatını uşağın müalicəsinə xərcləyəcəklər. Valideyn çalışmalıdır ki, bir qədər soyuqqanlı olsun. Yaxşı olardı ki, analar 3 yaşına kimi uşağa özləri baxsınlar. Analıq məzuniyyəti təkcə həkim tərəfindən deyil, həm də psixoloqlar, pedaqoqlar tərəfindən alınmış qərardır. Uşaq üçün 3 yaşına kimi anayla təmas, ətraf mühiti öyrənmək çox vacibdir. Ana-atanı heç kim əvəzləyə bilməz. Ancaq bu, mümkün olmadıqda bağçaya qoymaq və ya dayə köməyi almaq məsləhətdir. Nənə-babayla görüşlər şənbə-bazar günlərinə saxlanmalı və bu görüşlərə bir qonaq kimi getməlidir. Nənə-baba uşaqla davamlı təmas qurub, onun tərbiyəsində iştirak edərsə, onlarla əvvəlcədən ciddi şəkildə danışmaq lazımdır. Bu münasibətlərdə çətinlik yaranarsa, ailə psixoloqundan dəstək almaq olar. Uşağı ram etməyi öyrənmək lazımdır. Psixoloq təkcə uşağın yox, ailədə yaşayanların münasibətlərini, psixologiyasını öyrənir. Çünki ətraf mühitin uşağa çox böyük təsiri var. Maksimum dərəcədə uşağa qarşı anlayışlı olmaq, ailə daxilində ortaq məxrəci tapmaq lazımdır. Bu zaman uşağın tərbiyə-təlimi, təhsili kompleks şəkildə problemsiz olacaq".
"Nənə-babayla böyüyən uşaqlar depressiya yaşamırlar"
Sosioloq Cavid İmamoğlu isə yaşlı nənə-babaların uşaqların inkişafında və tərbiyəsində, psixoloji və sosial bağlılıqların formalaşmasında əvəzsiz rol oynadığını iddia edir: "Araşdırmalar göstərir ki, valideynlərdən fərqli olaraq, nənə və babalar uşaqların tərbiyəsi ilə daha pozitiv məşğul olurlar. Onlar uşaqların ana-atalarından fərqli olaraq depressiya yaşamırlar və mənfi auranı uşağa ötürmürlər. Anaların uşaq dünyaya gətirdikdən sonra düşə biləcəkləri depressiyanın əksinə olaraq, nənələr üçün nəvənin dünyanın gəlməsi motivasiya xarakterli olur. Odur ki, nənə və babalar uşaqların inkişafında, onların sosiallaşmasında daha təsirli olurlar. Nənə-baba tərbiyəsində böyüyən uşaqlarda qərar qəbul etmə və ünsiyyətə girmə vərdişləri daha tez formalaşır. Bu da sosial həyatın daha sağlam seçim əsasında formalaşmasına təsir göstərir. Təbii ki, uşağı təmamilə valideyn bağlılığından ayırmaq olmaz. Bu, o zaman effekt verir ki, uşaq öz doğma valideynlərini görə-görə, nənə-baba tərbiyəsi altında böyüsün".