Ramazanda 17 saat aclığı hiss etməmək üçün nə yeyək?

loading...

Ramazan ayı bu il də yayın ən isti günlərinə təsadüf edir. Havaların isti keçməsi, 17 saat müddətində ac-susuz qalmaq oruc tutan insanların sağlamlığı ilə bağlı bəzi sualların yaranmasına səbəb olur. Bu halda oruc tutanlar heç bir problemlə qarşılaşmamaq üçün necə qidalanmalı, orqanizmi yetərincə maye ilə təmin etmək üçün nə etməlidirlər?

 

Bu barədə ans press-in suallarını dietoloq Tutu Zeynalova cavablandırıb. Onun sözlərinə görə, Ramazan ayında elə qidalanmaq lazımdır ki, orqanizm ehtiyacı olan vitamin, mineral, karbohidrat, protein və yağları yetərli miqdarda ala bilsin.

 

Oruc tutan insanların imsakda və iftarda orqanizmi mümkün qədər su ilə təmin etmələrinin vacib olduğunu söyləyən dietoloq əks halda bunun ciddi fəsadlarının ola biləcəyini diqqətə çatdırıb.

 

"Gündə ortalama 1.5-2.0 l su içməyə çalışmaq lazımdır. Çünki gün ərzində içilməyən suyu iftardan sonra da içməsəniz, halsızlıq, yuxululuq, həzm problemləri, mədə ağrıları yarana bilər. Həmçinin maye çatışmazlığı qan təzyiqinin aşağı düşməsinə gətirib çıxara bilər. Maye itkisi həm də iş qabiliyyətinin də aşağı düşməsinə səbəb ola bilər".

 

Onun sözlərinə görə, imsakda yumurta, süd, qatıq, pendir kimi qidalardan ibarət yüngül bir səhər yeməyi yemək məsləhətdir. Bundan başqa şorba, tərəvəz və zeytun yağında hazırlanan yeməklərdən ibarət qida seçimi də edilə bilər. Ancaq gün ərzində həddindən çox aclıq problemi olanlar paxlalı bitkilərdən, mərci, bulqur plovu kimi yeməklər istifadə edə bilərlər.

 

"Yeməkləri tez-tez yemək olmaz. Yavaş-yavaş, yaxşıca çeynəyərək yeyilməlidir", -deyə dietolaq vurğulayıb.

 

Gün ərzində gərgin iş qrafikində işləyən və həddindən artıq tərləyən şəxslərin itirdiyi mineralları bərpa etmələri üçün iftarda duzlu ayran içmələri, fosfor itkisinin bərpa etmək üçün qırmızı ət əvəzinə balıq yemələri məsləhət görülür.

 

Həddindən artıq yağlı, duzlu və ağır xəmir yeməklərdən uzaq durmaq məsləhətdir. Bunlar nəinki sizi uzun müddət tox saxlamayacaq, gün ərzində həzm problemləri və susuzluqla daha çox qarşılaşmanıza səbəb ola bilər.

 

Oruc tutarkən daha az susamaq, daha dözümlü olmaq üçün imsakda plov, makaron kimi yeməklərdən kənar durmaq lazımdır. Bu cür yeməklər ac qalmağın qarşısını alsa da tez bir zamanda susamağa səbəb olar.

 

İmsakda adətən bol meyvə yeyərək orqanizmi gün boyu su və minerallarla ilə təmin etmək mümkündür. Ramazan boyunca imsakda çay və qəhvə kimi içkilərdən uzaq durun. Biz sözlə, imsakda ən çox meyvə suları, təbii sulardan istifadə etmək məsləhətdir.

 

İftar zamanı isə boş mədəni birdən yükləmək olmaz. Orucu yüngül yeməklərlə açmaq lazımdır. Məsələn, bir şorba və bir dilim çörəklə başlamaq olar. Bir qədər ara verdikdən sonra digır yemək istədiyiniz qidaları yemək olar.

 

Mütəxəssislər oruc tutan insanlara gün boyu ac qalmamaları üçün imsakda yulaf kimi qidalardan istifadə etməyi məsləhət görür. Uzun müddətli toxluğu təmin edən qidalar həzmi uzun çəkən qidalardır. Məsələn ağ çörək yerinə kəpəkli çörək yemək tox qalmağı təmin edə bilər. Eləcə də istər bişmiş, istərsə də çiy halda tərəvəz, mütləq qida rasionuna əlavə olunmalıdır. Əsas odur ki, yemək hazırlanarkən onun tərkibindəki yağın miqdarı düzgün seçilsin.

 

Ortalama 4-5 qaşıq tərəvəz yeməyində 1 çay qaşığı yağın olması düzgün hesab edilir. 


loading...
Oxşar xəbərlər