Dəlicəsinə sevmək istəyirsizsə, yemiş yeyin
Latınca adı cucumis melodur. Qabaqkimilər fəsiləsinin xiyar cinsinə aid tərəvəzdir. Əsasən Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Söhbət təbii ki yemişdən gedir. Amma bu yemiş haqqında deyilənlərin bir qismidir. Bəs keyfiyyətli yemişi necə tanıyaq?
Tərkibindəki vitaminlər
Yemişin kimyəvi tərkibi çox zəngindir. Burada selüloz, zülallar, nişasta, asan mənimsənilən şəkər, orqanik turşular, vitaminlər və mikroelementlər var. Elmi dillə desək yemişdə 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri var. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Yemişin tərkibində olan A və C vitaminləri orqanizmin müdafiə funksiyalarını yaxşılaşdırır, immuniteti möhkəmləndirir, bərpa proseslərini gücləndirir. B qrupuna aid olan vitaminlər, fol turşusu, PP vitamini mübadilə prosesləri yaxşılaşdırır, sinir sisteminin fəaliyyətinə müsbət təsir edir. Bundan əlavə fol turşusu qadın dölyaratma sistemi üçün çox vacib olan vitaminlərədən biridir.
Yemiş asanlıqla yuxuya getməyə kömək edir. Bununla yanaşı yemişin gözəl ətri cütlüklərdə cinsi istəyi artırır. Yeməkdən əvvəl yeyilən yemiş həzm sistemi orqanlarını təmizləyir. Böyrək-sidik kisəsi qumu tökülən zaman yemiş yeyilərsə, böyrəklər rahatlanır və sakitləşir. Yemiş həm də sidikqovucudur. Sidik yolu xəstəliklərinə qarşı faydalıdır. Babasil şikayətlərinə yaxşı təsir edir. Yemişin dənələri qaynadıldıqdan sonra suyu içildikdə nəfəs yolu narahatlıqlarının qarşısını alır. Mütəxəssislərə görə, qaraciyər xəstəliklərinə də yemiş dənəsi suyu yaxşı təsir edir. Lakin gündə 1 stəkandan çox içmək məsləhət deyil. Yemiş bədənə sərinlik hissi verir. Yanan hissəyə yemiş qoyularsa, ağrı azalır və sağalmasına kömək edir. Tərkibində dəmir və kalium elementləri olan yemiş qan sistemi və ürək üçün çox xeyirlidir. Cərrahi əməliyyat və digər səbəblərə görə qan itirmiş insan üçün yemiş çox faydalıdır. Yemiş azkalorili tərəvəzdir və bu səbəbdən müxtəlif arıqlamaq məqsədi ilə tutulan pəhrizlər zamanı uğurla istifadə oluna bilər. Yemiş dərinin təravətli qalmasına, orqanizmin xərçəng xəstəliyindən qorunmasına kömək edir. Lakin ac qarına yemiş yemək də məsləhət görülmür.
Hindistandan Asiyaya
Yemişin vətəni kimi əsasən Orta Asiya respublikaları və Zaqafqaziya göstərilir. Amma bəzi mənbələrə görə, yemiş Hindistanda bizim eramızdan əvvəl yetişdirilib. Daha sonra Asiyaya "gəlib" və yalnız orta əsrlərdə yemişdən Avropa xalqları dadıb. Uzun müddət ərzində yemiş "kral qidası" belə hesab edilib. Belə ki, yemiş yalnız xüsusi mərasimlərdə masaya verilirmiş.
Yemişi nə zaman yemək olar?
Nəzərinizə çatdıraq ki, yemişdən fayda almaq üçün bu şirin tərəvəzi düzgün qəbul etmək lazımdır. İlk növbədə yemişi heç zaman yeməkdən sonra yeməyin. Yemişi qida qəbulları arası yemək lazımdır. Birdən çoxlu miqdarda qəbul olunan yemiş köpə, gəyirməyə, bağırsaqlarda ağrılara səbəb ola bilər. Bu səbəbdən yemişin bir neçə dilimi ilə kifayətlənmək lazımdır.
Keyfiyyətli yemişi necə tanıyaq?
Ticarət şəbəkələrindən bu bostan bitkisini alarkən bir sıra məsələlərə diqqət yetirin. Standarta müvafiq yemişlər təzə, təmiz və sağlam olmalıdır. Rəngi və forması öz təsərrüfat-botaniki sortuna müvafiq olmalıdır. En kəsiyinin diametri ən çox 15 sm-dən, tezyetişən və silindrik formalılarda isə 10 sm-dən az olmamalıdır. Satışa buraxılan yemişlərin içərisində azacıq əzik və batıq, həmçinin ölçüdən uzaqlaşan yemişlərin miqdarı 5%-dən çox olmamalıdır.
Şirin yemişi tanıyın
Alıcıların əksəriyyəti hamar yemişlərin şirin olduğunu güman edirlər. Əslində isə üstü torvari, qəhvəyi şaxələri olan yemişlər daha şirin olurlar. Hər kəs yemiş alarkən satıcıdan onun gigiyenik sertifikatını tələb etməlidir. Bu məhsulu alarkən onun saxlanma şəraitinə, səthinin vəziyyətinə diqqət yetirilməlidir. (publika.az)