“Özümü kişi kimi hiss edirdim, dedilər səni ərə veririk...” – ONLAR KİMDİR?

loading...

"...Həmin oğlanı sevdiyimi düşünürdüm. Bir müddət sonra anladım ki, onunla sevgili kimi bir yerdə yaşamaq əslində mənə xoş deyil. Getdikcə özümdə dəyişikliklər hiss etməyə başladım. Fikir verirdim ki, getdikcə özümü qadın yox, kişi kimi hiss edirəm. Əvvəlcə bu halımı öz-özümə belə, etiraf etməyə çəkinirdim, amma zamanla anladım ki, əslində mən əsl ruhi halıma qovuşmuşam. Düzdür, mənən rahatlıq tapsam da, ətraf aləmə uyuşmaqda çətinlik çəkirəm. Çünki bu məsələyə bizdə ictimai qınaq var. Cəmiyyət bu davranışları açıq şəkildə qəbul etmir. İlk növbədə ailəmin təpkisi ilə üzləşdim. Onlar mənə xəstə diaqnozu qoydular, kimlərəsə qoşulub yanlış yola düşdüyümü söylədilər. Ən dəhşətlisi isə məni kiməsə ərə vermək barədə düşünməyə başladılar…   

 

Onlar anlamırdılar ki, mən öz cinsimdən olan bir insana qarşı yaxınlıq duyuramsa, bu, fiziki yox, psixoloji tələbatdır. Bu münasibətdə əsas olan hisslərin üst-üstə düşməsidir. Düşünürəm ki, cəmiyyətə bizim heç bir mənfi təsirimiz yoxdur. İstər qadın, istər kişi homoseksual cütlüyündə qarşılıqlı sevgi varsa və onlar heç kimə problem yaratmırlarsa, bundan cəmiyyətə ziyan yoxdur. Bizimlə bağlı ayrıca qanun qəbul etməyə də lüzum görmürəm. Bu ölkənin üzvləri olduğumuz üçün hüquq və azadlıqlarımız eyni qanunla tənzimlənir. Sadəcə, istərdim ictimaiyyət bizə münasibətdə tolerant davransın…”

 

  

Bunları cinsi azlıq nümayəndəsi olan 33 yaşlı E.A danışır. Bir az müşahidə aparsaq görərik ki, gündəlik həyatımızda rastlaşdığımız bəzi kişi və qadınlar davranışları, geyimləri ilə çoxlarından fərqli davranırlar. Kənardakıların isə onlara münasibəti elə də yaxşı olmadığından, sanki onlar cəmiyyətdən təcrid edilmiş bir zümrə kimi görünürlər. Aile.lent.az-ın araşdıracağı mövzu da elə cinsi azlıq nümayəndəsi olan qadınlarla – lesbianlarla bağlıdır.

 

 

"Çox vaxt homoseksualizmlə biseksualizmi qarışdırırlar

 

 

Psixoloq Azad İsazadənin sözlərinə görə, hazırda bütün ölkələrdə eyni cinsdən olan şəxslər arasında intim münasibətlər mövcuddur: "Cinsi fərqindən asılı olmayaraq, bu cür münasibətlərə elmi baxımdan homoseksualizm deyilir. Kişilərdə həmin ad qalır, qadınlarda isə "lesbian” terminindən istifadə edilir. Amma bəzən homoseksualizmlə biseksualizmi qarışdırırlar. Homoseksual şəxs dedikdə ancaq öz həmcinsi ilə görüşən biri başa düşülür. Biseksual isə hər iki cinslə yaxın münasibətlər qura bilir”.

 

Azad İsazadənin sözlərinə görə, cəmiyyətdə homoseksuallara biseksuallara nisbətən az rast gəlinir: "Çox geniş yayılan biseksuallardır. Homoseksualizm zəmanədən asılı deyil və əhalinin hansısa çox kiçik bir hissəsində özünü büruzə verir. Bu, hormonaldır və daha çox genlə keçir. Uşaq dünyaya gələn zaman ana bətnində hormonal struktur düzgün formalaşmır və insan bir cinsdə doğulur, hormonlar yeniyetmə yaşlara çatanda onu öz "təbii” cinsinə meylləndirir. Bu, sırf homoseksualizmdir. Bundan başqa, ətrafdan olan psixoloji və fiziki təsirlər də cinsi meylin dəyişməsinə gətirib çıxara bilər. Verilən tərbiyə, qızı oğlan kimi geyindirmək və ya oğlanı qız oyuncaqları ilə böyütmək, yetişmə dövründə baş vermiş hər hansı zorlanma hadisəsi və ya adi cinsi maraq xətrinə nəzarətdən kənar həmcins əlaqələr də buna səbəb olur. Belə meyllərin yaranması həm də insanın daimi olaraq nə isə yeni bir şey axtarması ilə də əlaqədardır. Bu hal dəbdən əlavə, cəmiyyətdə erkən yaşda cinsi əlaqəyə girmənin yasaq olmasından da qaynaqlanır və yeniyetmələr vəziyyətdən hansısa çıxış yolu axtararaq, bəzən yanlış istiqamətlərə meyllənirlər. Bu, çox vaxt elə lesbianlığın başlanğıcıdır. Orqanizmdə hormonal dəyişiklik yoxdursa, bu hal vərdiş kimi qala və ya keçə bilər”.

 

 

Məcburi lesbianlar

 

 

Psixoloq deyir ki, bu vərdişin aradan qalxmasında daha çox normal cinsi əlaqənin yaranması böyük rol oynayır: "Əgər qadın qarşı cinslə normal, incə əlaqəyə girirsə və istədiyi duyğunu onunla yaşayırsa, əvvəlki təcrübə yaddan çıxır. Əksinə, kişi ilə ilk münasibət zamanı qadınla kobud rəftar edilirsə, istər-istəməz qadının beynində əvvəlki - öz həmcinsi ilə daha xoş əlaqəyə meyl yaranır. Bu zaman o təcrübəli lesbian tərəfdaşa meyllənir”.

 

Qadınları lesbianlığa təhrik edən digər bir səbəb şəraitdir. Belələri bir növ məcburi lesbiandır: "Qapalı şəraitdə saxlanan qadınların arasında belə hala çox rast gəlinir. Məsələn, qadın kolonlarında, qızlar üçün məktəblərdə, gimnaziyalarda onlar bir yerdə yaşayır və oxuyurlar. Oğlanlarla görüş isə belə müəssisələrdə təbii ki, qəti qadağan edilir. Nəticədə belə şəraitdə yaşayan qadınlar məcburən lesbianlığa meyllənir. Ümumiyyətlə, hər kəsdə həm qadın, həm də kişi hormonları olduğu üçün hansısa qeyri-adi xarici təsir altına düşəndə öz cinsinə qarşı belə meyllər güclənə bilir”.

 

Psixiatr bunun bəzi formalarının xəstəlik kimi qəbul edildiyini də söylədi: "İnsan istəsə, bununla bağlı hormonal müalicə ala bilər. Sovet dönəmində belə hallar məhz xəstəlik kimi dəyərləndirilirdi, amma sonradan bu anlayış dəyişdirildi. Sözügedən qəbildən olan hər bir insanın psixoloji və ya hormonal yönümlü müalicə alması onun öz istəyindən asılıdır. Statistikaya görə, müalicə olunmaq üçün psixiatr və psixoloqlara daha çox qadınlar müraciət edir və onlara kömək etmək də daha asandır. Çünki qadınlarda homoseksual meyllər çox vaxt biseksual xarakter daşıyır və adətən onların əri ilə yanaşı məşuqələri də olur”.

 

Həmsöhbətimiz onu da bildirdi ki, yeniyetmə övladlarında bu yönümdə bir meyl duyan valideynlər də psixoterapevtə müraciət edirlər.

 

Həkimlərin rəyinə əsasən isə, homoseksuallığın yaranma səbəblərindən biri də hamiləlik zamanı ananın qızılca və ya suçiçəyi xəstəliyi keçirməsidir ki, bu da bətndə olan körpənin hormonal balansını pozur. Yəni qadında kişi, kişidə qadın hormonlarının faizi daha yüksək olur.

 

İki dünya arasında

 

Mövzu ilə bağlı Gender və Tərəqqi İctimai Birliyinin sədri Kamran Rzayev məlumat verdi ki, fəaliyyət göstərdikləri 9 il ərzində Azərbaycanda yalnız bir qadının öz cinsiyyətini dəyişdirməsi barədə məlumatları var: "Amma bu o demək deyil ki, onların sayı azdır. Bu barədə dəqiq statistika olmasa da, təxminən 24 kişinin cinsiyyətini tamamilə dəyişib qadın olması məlumdur. Amma qadınlar bu məsələdə bir az çəkingən davranırlar. Onlar ruhən özlərini kişi kimi hiss etsələr də, böyüdükləri mühit və sair faktorlar onlarda qadına xas olan bəzi xarakterləri əxz etdirir. Bundan əlavə, bu cür qadınlar ailələrinin basqısı ilə ərə verilir, yaxud maliyyə çətinlikləri ilə üzləşirlər. Nəticədə isə onlar xoşbəxt olmurlar və iki dünya yaşamağa məcbur olurlar”.

 

K.Rzayev deyir ki, Azərbaycanda tam cinsi əməliyyat aparan həkim yoxdur. Vaxtilə ölkəmizdə cinsi azlıq nümayəndələri üzərində plastik əməliyyatlar aparılsa da, cinsiyyət orqanının tamamilə dəyişdirilməsi əməliyyatı keçirilməyib. Buna görə də belə arzuda olanlar əvvəllər Türkiyəyə üz tuturdu, hazırda isə daha çox Malayziyaya əməliyyata gedirlər.

 

Cəmiyyət sədrinin sözlərinə görə, Rusiya və Qazaxıstana nisbətən Azərbaycanda cinsini dəyişənlərin şəxsiyyət vəsiqəsi almaları elə də çətin deyil: "Əməliyyat etdirən şəxsin əlində həqiqətən onun cinsini dəyişməsi ilə bağlı həkim rəyi olmalıdır və psixoloq nəzarətindən keçməlidir. Sonra lazım olan sənədləri təqdim edib ərizəylə pasport və qeydiyyat idarəsinə müraciət edirlər. Burada atanın adı qalmaqla ad və soyadı dəyişməyə icazə verirlər”.

 

 

Bəs qanun nə deyir?

 

Məlumdur ki, Azərbaycan bir sıra konvensiyalara, o cümlədən Avropa Şurasının tələblərinə qol çəkib. Həmin tələblərin içərisində seksual azlıqların hüquqlarının qorunması da öhdəlik kimi götürülüb. Cəmiyyətdə həmin insanlara qarşı hansı münasibətin olmasına baxmayaraq, dövlət onların hüquqlarının qorunmasına birbaşa cavabdehdir. Araşdırmalarımız zamanı bəlli oldu ki, qanunlar toplusunda cinsi azlıqlarla bağlı hər hansı bir maddə nəzərdə tutulmayıb. Sovet dövründə qanunda pedofiliya (uşaqbazlıq) adlanan və kişi cinsindən olan şəxslərlə bağlı maddə var idi, amma bu, qadınlara aid edilmirdi. Müstəqil Azərbaycanın qanunlarında isə ümumiyyətlə, belə bir maddə yoxdur. İndiyədək parlamentdə bununla bağlı bir neçə dəfə qaldırılan məsələlər də xeyli hay-küyə səbəb olub və qəbul edilməyib.

 

 

Din bu cür münasibətləri qadağan edir

 

Azərbaycan Qərbə inteqrasiya etsə də, müsəlman ölkəsi olaraq milli-mənəvi və əxlaqi dəyərlərə böyük önəm verir. Rəyini öyrəndiyimiz dini ekspertlərin fikrincə, islam dini eynicinslilərin münasibətilərinə müxalif mövqedədir və onu qəti qadağan edir. Məsələn, Qurani-Kərimin Nisa surəsindəki "qadınlar zina işlə məşğul olsa, onları evdə tutub saxlayın - ölüncəyə, yaxud Allah onlara bir yol açıncaya qədər” ifadəsi məhz bu münasibətin təzahürüdür. Qeyd edək ki, zinakarlıq əsasən, kişi və qadınların nikahdankənar əlaqəsi kimi izah edilsə də, bu sözün etimologiyasında eyni cinslə olan münasibətlər də nəzərdə tutulur. Həmçinin, dində bu işlə məşğul olmaq fühuş adlanır və bu, böyük günah sayılır.

 

 

Faktlar onu göstərir ki, etiraf edib-etməməyimizdən asılı olmayaraq bütün dünyada olduğu kimi, Azərbaycanda da homoseksuallıq mövcuddur. Ancaq bir qədər "yumşaq” formada.

   

İctimaiyyət isə bunun xəstəlik, normal hal, günah və yaxud cinayət olması barədə bilgisizdir…


loading...
Oxşar xəbərlər