Ailə acısı: “intim münasibət bitibsə, mən niyə dözürəm?” - UTANMAYIN
İmpotentlik və erektil disfunksiya tibdə cinsi parçalanma, cinsi çaşqınlıq kimi qəbul edilir. Nəticədə kişi cinsi aktın tam başa çatmasını təmin edə bilmir və yaxud ereksiya halı baş vermir. Faktiki olaraq, bütün kişilər həyatlarının hansısa dövründə ereksiya problemi ilə rastlaşırlar. Bu hal ya stress, depressiya, ya da heç bir ciddi səbəb olmadan yarana bilən problemdir. Bəzi hallarda ereksiya problemi xroniki hala keçir. Əgər ailədə kişidə cinsi zəiflik varsa, qadın nə etməlidir? Boşanma, xəyanət, yoxsa... Fenomen.Az xəbər verir ki, aile.lent.az ailədə soyuqluq yaradan, hətta boşanmaya gətirib çıxaran bu məsələni araşdırmağa çalışıb. 34 yaşlı həmsöhbətimiz Sevinc Əliyeva həyat yoldaşının illərdir bu problemi yaşadığını deyir: "Həyat yoldaşımla 10 ildir ailəliyik. İki oğlum var. İlk 3 il həyatımız normal, qaydasında gedirdi. Sonra yoldaşım yavaş-yavaş məndən uzaqlaşmağa başladı. Əvvəl həftədə 2-3, daha sonra ayda 2-3 dəfə mənə yaxınlaşırdı. İndi isə ildə cəmi bir neçə dəfə mənə yaxın durur. O da mən çox danışanda, həyatında başqa birinin olub-olmadığını soruşanda. Nəsə irad bildirəndə deyir "işim çox olur, yorğun oluram”. İnsan nə qədər yorğun ola bilər? Mən də insanam, ailəmi dağıtmaq istəmirəm. Amma sevilmək, əzizlənmək, dəyərli olduğumu hiss etmək istəyirəm”. S. Əliyeva həyat yoldaşına xəyanət etməyi özünə yaraşdırmadığını deyir. Amma belə həyatın da uzun müddət davam edəcəyinə inanmır: "Bir gün bitəcək bu ailə. Əslində ailə deyil. Mən onun yeməyini verən, paltarlarını yuyan, uşaqlarına baxan, yeri gələndə danladığı, hirsini "qusduğu” qadınam. Qulam, köləyəm sanki. Dərdimi kiməsə deyə bilmirəm. Anam deyir evin var, yeməyini verir, şükr elə. Bacım deyir "əri Rusiyada olanlar neyləsin, yenə səninki yanındadır”. Yoldaşım deyir gücüm yoxdu. Deyirəm həkimə get, müalicə al, axı sən hələ gəncsən. Ona da razı olmur, utanır, özünə sığışdırmır. Nə edəcəyimi bilmirəm”. Mütəxəssislərin fikrincə, kişilərin 70 faizində müəyyən dövrlərdə cinsi zəiflik müşahidə olunur. Ancaq bu problem müalicə, tibbi dəstəklə aradan qaldırılır. Kişinin cinsi zəifliyinə görə, ailənin dağılması isə gözlənilən haldır. Çünki qadına qadın olduğunu hiss etdirmək lazımdır. Psixoloq Rafiq Allahverdiyev bildirir ki, kişi cinsi zəifliyinin yaranma səbəbinin çox az hissəsi fizioloji, 80%-dən çoxu psixoloji hallarla bağlıdır. Əsas səbəb isə kişinin öz imkan və gücünə inamsızlığından yaranır: "Kişinin özünə inam və ya inamsızlığını yalnız qadın verə bilər. Hər şeydən əvvəl, əgər qadın kişidə cinsi zəifliyin yarandığı barədə qərar verirsə, əvvəlcə müəyyənləşdirməlidir ki, kişiylə intim münasibət zamanı onun özü nəyə fikir verməliydi və yaxud verməyib. Misal üçün, o, yataqda ərinə qarşı həvəsini boğmalı, ya da ki, əksinə hərəkət etməklə ərinin özünə qarşı inamını yüksəltməlidi. Ən yaxşı halda, bu məsələni əriylə birlikdə ehtiyatla müzakirə etməyə çalışmalı, xoş niyyətlə ərinə intim münasibət zamanı onun "bir az könülsüz” olduğunu vurğulamalıdır. Təbiidir ki, bu hadisə qadının günahı ucbatından olmaya bilər, hətta intim münasibətlər ideal səviyyədə olsa da belə. Bu, ailədən kənar hansısa sferada, işdə stresli situasiyanın olmasından da yarana bilər”. R. Allahverdiyevin fikrincə, burda əvvəlcə özü-özlüyündə məsələnin yaranma səbəbini axtarmaq lazımdır. Zərurət yaranarsa, psixoloq köməyinə də müraciət etmək vacibdir. Burda qadının rolu ərini həmin mütəxəssisin köməyinə zəruri ehtiyacın olmasına inandırmaqdır. Məlumdur ki, kişilər cinsi zəifliyin aradan qaldırılması halları ilə həkimə çox az hallarda müraciət edirlər. Qadın ərinə izah etməyə çalışmalıdır ki, bu, onun sağlamlığı üçün çox vacibdir, müalicədən imtina etmək isə məsələni daha da çətinləşdirə bilər. Ərinin bu problemdən yaxa qurtarmasını istəyən həyat yoldaşı kişinin düzgün qidalanmasına, idmanla məşğul olmasına, onun tam istirahət etməsinə ciddi fikir verməlidir. Hər şeydən əvvəl, kişinin sağalmasının açarı qadının kişidə olan cinsi zəifliyə necə yanaşmasından asılıdır. Kişinin sağalma həddi məhz həmin münasibətdən asılıdır. Belə hallarda qadınlar ən çox özlərini günahlandırmağa başlayırlar. Beləliklə də onlar düzgün qərar verməkdə çətinlik çəkirlər: "Bu, tamamilə səhv yanaşmadır. Qadının özünü problemdən uzaqlaşdırması münasibətlərin dağılmasına gətirib çıxardır. Ər-arvad arasında hansısa biri yad münasibət yaradırsa, digəri də eynilə həmin münasibətə keçir, beləliklə, siz bir-birinizə toxunmaq belə istəmirsiniz, sonra bir-birinizlə danışmaq istəmirsiniz, daha sonra məlum olur ki, aranızda, ümumiyyətlə, söhbət aparılmır. Əgər siz məsələyə cinsi planda yox, məhz fizioloji planda baxmağa başlasanız, az ehtimalla kişilərin əksəriyyəti özlərinə qapanır və ya sizdən qaçırlar. Halbuki əksər kişilər müalicəyə özləri getməyə üstünlük verir, digərləri həyat yoldaşlarının köməyinə ehtiyac duyur. Buna görə də çəkinmədən ona həkimə birlikdə getməyinizi təklif edin. Sonrasına isə qoy o özü qərar versin”. Psixoloq həmçinin bildirir ki, bu gün qadınların 80 faizi normal orqazm yaşaya bilmir. Bu da onlarda əsəb sistemini pozur: "Bəli, bu gün qadınların əsəbi olmasının səbəbi kişi zəifliyindən irəli gəlir. Bilmirəm qidalardandır və ya gündəlik həyatın stresli olmasından, kişilər cinsi baxımdan çox zəifləyib. Bu da qadınları qane etmir. Məhz buna görə xəyanətlərin, boşanmaların sayı artır. Qadın hər zaman kişisinin həyatında zirvədə olmağı arzulayır”. Sosioloq Nəzakət Əhmədova məsələyə başqa kontekstdən yanaşır. Sosioloqun fikrincə, bu gün baş verən bir çox boşanmaların səbəbi elə kişilərin hər mənada zəifliyidir: "İşləməyən, ailəsinə baxa bilməyən kişi cinsi baxımdan da zəif olur. Çünki belə kişilərin iradəsi zəif olur. Onlar həyatda nə istədiklərini bilmirlər. Eyni zamanda Azərbaycan kişisi qadınından tez yorulur. Bu da problemin yaranmasına gətirib çıxarır”. Müsahibimiz bildirir ki, Azərbaycanda "müqəddəs ailə” məhfumu aradan qalxmaq üzrədir. Belə ki, xarici təcrübələrdə belə, ailə münasibətləri Azərbaycandakı vəziyyətlə müqayisədə xeyli qənaətbəxşdir: "Məsələn, ABŞ-da ailə varsa, insanlar bir-birinin ehtiyaclarına, intim hisslərinə hörmət edirlər. Bu hisslər bitdiyi zaman ailə də bitir. Azərbaycanda isə kişilər qadınların onlardan "getməyəcəyinə” əmin olduqları üçün evdə həyat yoldaşlarına kölə kimi baxırlar. Başqa ölkələrdə belə deyil. İnsanlar bərabər hüquqludur. Sevgi, sayğı, seks bitdisə, ailə bitmiş hesab olunur. Azərbaycan ailəsində isə bu münasibətlər evlilikdən 3 il sonra bitməyə başlayır. Nadir hallarda illərlə davam edir. Burada tək kişilər deyil, qadınlar da özlərində günah axtarmalıdır. "Mən niyə sevilmirəm? Yoldaşım mənə qarşı niyə soyuqdur? İntim münasibət bitibsə, mən niyə dözürəm? Niyə bu münasibət bitdi? Günahkar kimdir?” suallarına cavab tapa bilən hər bir qadın ailəsini də qoruya bilər, intim münasibətləri də bərpa edə bilər. Yox, əgər qadın heç bir nəticə əldə edə bilmirsə, o ailə həyatı bitib, belə münasibətə görə illəri hədər verməyə dəyməz”. Azərbaycan ailəsi hər zaman müqəddəs hesab edilib. Ta qədimlərdən Azərbaycan kişisi öz ömür-gün yoldaşına dəyər verib. Ailələrdə yaşlı zamanlarda belə intim münasibətlər davam edib. Elə buna görə də Azərbaycan ailəsi möhkəm olub. Bu ailələr çoxuşaqlı olduğu üçün mehribanlıq, səmimilik əskik olmayıb. Bu gün ənənəvi Azərbaycan ailəsi yox olmaq üzrədir. Günahı isə qadın kişidə, kişi qadında axtarır. Nə qədər ki, hər kəs günahı özündə axtarıb, öz səhvlərini düzəltməyə cəhd etməyəcək bu, belə də davam edəcək. Bunu mütəxəssislər deyir, mən yox.