“...balam nə vaxt dil anlar?”
Uşaqlar müəyyən yaşdan sonra dil açmağa və danışmağa başlayırlar. Övladlarında bu mərhələnin gecikdiyini görən və şübhələnən valideynlərin bu sahənin mütəxəssisinə müraciət etmələri məsləhətdir. Türkiyəli terapevt Çağdaş Karsan nitq problemi olan uşaqların dil açmasında gecikmə olduğunu deyir. Bəs uşaqların dil açmasında hər hansı problemin olub-olmadığını necə anlamaq olar? Mövzu ilə bağlı mütəxəssisin fikirlərini təqdim edirik. Həkim ilk növbədə bildirir ki, uşaqlarda dil açma və danışma problemlərinin dərinləşməsinə səbəb valideynlərin məsuliyyətsizliyidir: "Çox zaman uşaqlarda dil pozuqluğu və ya fonoloji pozuqluq dil açmada gecikmə kimi təyin edilir. Bu cür hallarda isə doğru müdaxilənin edilməsi mümkün olmur. Dil açma və danışma probleminin olub-olmadığı bir çox vasitələrlə təyin edilir. Əgər belə bir problem varsa, ailədə baş verənlərlə birlikdə analiz edilir. Problem hər zaman dil açmada gecikmə olmur. Çox zaman xüsusi dil pozuqluğu, praqmatik pozuqluq, ifadə edici dil pozuqluğu da yaşanır. Bunlar isə dil açmada gecikmə ilə əlaqəsi olmayan problemlərdir”. Həkimin sözlərinə görə, uşaqlarda dil/danışma probleminə yoldaşlıq edən fərqli pozuqluqlar da əsas mövzulardan biridir. Eşitmə qabiliyyətindən tutmuş, damaq yarıqlığı, autizm, bir çox nevroloji pozuqluqlar da bu problemin inkişafına mənfi təsir edir: "Buna görə də dil/danışma probleminin araşdırılması geniş əhatəli olmalı və hər bir məqam qiymətləndirilməlidir. Əvvəllər fərqinə varılmayan adi məqam da problemin həllinə kömək ola bilər. Qiymətləndirmə və tədqiqatlardan sonra terapevt problemə uyğun müdaxilə planı hazırlayır. Bundan sonra isə ailə və terapevt iş birliyi nəticəsində uşağın dil və danışma inkişafı üçün işlər görülür”. Ailənin məsuliyyəti Uşaqların dil açma problemi ailədaxili vəziyyət və ekoloji, sosial, ictimai faktorlarla bağlı ola bilər. Hər bir halda isə ailə uşaqla davranma mexanizminə diqqətləyanaşmalı, kifayət qədər vaxt keçirməli, müəyyən oyunlar oynamalıdır. Məhz ailə uşağın dil inkişafını təşviq edə bilər: "Unutmayın ki, uşaqda dil və danışma ilə əlaqədar müşahidə edilən hər problem dil açmada gecikmə deyil. Əgər valideynlərin uşaqlarının dil və danışma inkişafına dair ən kiçik bir şübhələri belə varsa, vaxt itirmədən mütəxəssisə, terapevtə müraciət etməlidirlər. Çox vaxt erkən müdaxilə müalicədəki müvəffəqiyyət nisbətinə ciddi təsir edir”.