“Doğumdan sonra uşaqda sarılıq davam edərsə..." - Həkim xəbərdarlığı
"Son tədqiqatlara görə inkişaf etmiş ölkələrdə hər min yeni doğulan uşağın təxminən ikisində serebral iflic problemi aşkarlanır. Bu, çox ciddi bir göstəricidir”. Fenomen.Az xəbər verir ki, bunu APA TV-nin "Öncə sağlıq” proqramında uşaq nevroloqu Rima İbadova deyib. Həkim qeyd edib ki, uşaq serebral iflici həm inkişaf etmiş, həm inkişaf etməkdə olan, həm də iqtisadi baxımdan zəif olan ölkələrdə geniş yayılan bir problemdir. Mütəxəssisin sözlərinə görə, bu xəstəliklə bağlı daha çox vaxtından əvvəl, kiçik çəkidə doğulan uşaqlar risk qrupuna daxildirlər: "Son illərdə aparılan reanimasiya, müalicə tədbirlərinin güclü olması nəticəsində vaxtından qabaq doğulan uşaqların həyatda saxlanması faktları daha çoxdur. Amma belə uşaqlarda sonradan uşaq serebral iflicinin yaranması riski yüksək olur”. Nevroloq bildirib ki, hamiləlik dövründə ananın daha çox infeksiyalara məruz qalması, doğuşdan sonra uşaqda sarılığın uzanması, yəni bilirubin artıqlığı, bilirubin ensefolopatiyasının olması nəticəsində uşaqlarda serebral iflicin yaranması mümkündür: "Beyin neyronları həm hamiləlik dönəmində, həm doğuş zamanı, həm də doğuşdan sonrakı dövrdə zədələnə bilər. Yaş artdıqca bu problem klinik olaraq dəyişə bilər, amma uşaq serebral iflici proqressivləşməyən xəstəlikdir. Yəni bu, getdikcə pisləşən bir xəstəlik sayılmır”. R. İbadova uşaq serebral iflici zamanı daha çox beyin, beyincik və uzunsov beynin zədələndiyini açıqlayıb: "Bu problem zamanı onurğa beyni, periferik sinirlər, əzələlər zədələnmir. Əgər onlarda zədələnmə varsa, deməli, bu, serebral iflic deyil, problem başqa səbəbdən yaranıb. Hərəki sinirlər zədələnsə, hissi problemlərin, yəni görmədə, eşitmədə problemlərin yaranması mümkündür. Serebral iflici olan uşaqların 20-30 faizində belə problemlərə də təsadüf edilir. Eyni zamanda davranış, nitq, psixoloji problemlər daha çox müşahidə olunur. Epileptik tutmalar sonradan ikincili olaraq bu problemlərə qoşulur. Eyni zamanda dayaq-hərəkət sistemində olan davamlı gərginlik nəticəsində bud-çanaq oynağında çıxıqların olması, onurğada skolioz yaranması mümkündür. Uşağın uzun zaman yataq rejimində qalması ilə bağlı olaraq ağ ciyərlərdə problemlər də meydana çıxır. Buraya pnevmoniya, bronxiti əlavə etmək olar. Yanaşı olaraq digər problemlərin də qoşulması mümkündür. Amma serebral ifliclə bağlı ən əsas problem hərəki problemlər sayılır”. R. İbadova vurğulayıb ki, uşaq serebral iflici əsasən doğuş zamanı olan travmalar və doğuşdan sonrakı iki ay ərzində yaranır: "Doğulandan sonrakı ilk aylarda uşağın müxtəlif infeksiyalara məruz qalması, sarılığın uzanması, beyində qanama olması bu problemin yaranması riskini artırır”. Həkim bildirib ki, MRT müayinəsi ilə beyin zədələnməsinin hamiləliyin hansı dönəmində və ya hamiləlikdən sonra baş verməsini müəyyənləşdirmək mümkündür. Onun sözlərinə görə, hamiləlik dövründə anada kəskin formada sitomeqalovirus, herpes, toksoplazma infeksiyalarının olması uşağın serebral iflic olması riskini artırır. R. İbadova qeyd edib ki, hamiləlik dönəmində döldə olan kritik səviyyəli beyin zədələnməsini aşkarlamaq mümkündür: "Beyində olan ağır patologiyalar hamiləlik dönəmində aparılan müayinələrlə aşkarlana bilir. Amma bu heç də o demək deyil ki, uşağın gələcəkdə sırf uşaq serebral iflic olacağını hamiləlik dönəmində aparılan müayinələrə demək mümkündür. Bu müayinələrlə bilmək olur ki, uşaqda gələcəkdə patologiya ola bilər. Amma məhz serebral iflic olacağını öncədən demək mümkün deyil. Uşaq serebral iflicini hətta doğumdan sonra metabolik, xromosom problemləri ilə dəyişik salma ehtimalı yüksək olur. Bəzən hər yeriməyən, hər danışmayan uşağa srebral iflic diaqnozu qoyulur. Hər yeriməyən, danışmayan uşağa serebral iflic diaqnozu qoymaq olmaz. Aparılan hərtərəfli araşdırmalara əsasən, bütün klinik göstəricilər təsdiqlənərsə, serebral iflic diaqnozu qoymaq olar. Araşdırmalar zamanı uşaqda metabolik bir problem olması, məsələn, dayaq-hərəkət, əzələ problemi olduğu üzə çıxır. Bu və başqa problemlər də serebral iflic kimi klinika verə bilər. Ona görə də səhvən serebral iflic diaqnozu qoyulması mümkündür. Uşaq serebral iflici proqressivləşmir, necə varsa elə də qalır. Əgər uşaqda hərəkət problemləri davamlı epileptik tutmalarla müşahidə olunursa, getdikcə pisləşmə yaranırsa, görmədə ciddi problem mövcuddursa, tez-tez səbəbsiz qusma varsa, qızdırma dönəmləri olursa, burada metabolik problem olduğunu düşünmək gərəkdir”. Mütəxəssis onu da deyib ki, serebral iflici olan uşaqların yarıdan çoxunda epileptik tutmalar aşkarlana bilir. Serebral iflicin müalicəsi üçün erkən diaqnostikanın çox önəmli olduğunu vurğulayan R. İbadova deyib ki, valideynlər daha çox 1 yaşından sonrakı dövrdə həkimə müraciət edirlər: "Şübhəli məqamlar aşkarlanan kimi həkimə müraciət olunmalıdır. Hətta 9 ayında olanda uşaqda serebral iflic olduğunu bilmək mümkündür”. Onun sözlərinə görə, beynəlxalq tədqiqatlara əsasən, serebral ifliclə bağlı MRT müayinəsinin iki yaşdan sonra aparılması tövsiyə olunur. Çünki həmin dövrdə beyində olan patologiyanı daha dəqiq aşkarlamaq mümkün olur. R. İbadova onu da söyləyib ki, serebral iflicin tam müalicəsi, beyində bununla bağlı yaranan problemin tam aradan qaldırılması mümkün deyil: "Təəssüf ki, sırf xəstəliyin özünün müalicəsi var deyə bilmərik. Serebral iflicin ağırlıq dərəcəsi və formalarına görə, müxtəlif müalicə mərhələləri təyin olunur. Epileptik tutmaların olması müalicənin effektini gecikdirir və burada sərf əlamətlər müalicə edilir . Amma serebral iflicin elə formaları var ki, reabilitasiyaya daha rahat tabe olurlar. Belə uşaqla üçün kompleks müalicə, komanda işi çox əhəmiyyətlidir, dərman müalicəsi ikinci dərəcəlidir. Əgər uşaq ən geci 9-12 ayında boynunu tutarsa, ən gec iki yaşında oturarsa, 4-5 yaşında uşağın gəzmə ehtimalı yüksək olur. Amma uşaq 2 yaşında boynunu saxlaya bilmirsə, 4 yaşında oturmursa, onun gəzə bilmək ehtimali çox aşağıdır”. Mütəxəssis bir ailədə serebral iflici olan iki və daha artıq uşağın olması ehtimalının çox az olduğunu da deyib.