Mioması olan hamiləyə təbii doğuş olar?

loading...

Mioması olan hamiləyə təbii doğuş olar?

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun məqaləsini təqdim  edirik.

 

Ən çox rast gəlinən uşaqlıq xəstəliklərinə miomalar, adenomioz, endometrit (uşaqlığın daxili qatının iltihabı), Aşerman sindromu, endometrial poliplər və uşaqlığın anadangəlmə anomaliyaları aiddir.

 

Uşaqlığın mioması

 

Miomalar uşaqlığın bağ və əzələ toxumasından inkişaf edən xoş xassəli şişlərdir. Uşaqlığın ən çox rast gəlinən xəstəliyidir. Qadınların 20-25%-də mioma müşahidə olunur.

Tək sayda ola bilmələri ilə yanaşı, əksər hallarda çoxlu sayda da rast gəlinir. Bir mioma özəyinin portağal böyüklüyünə çatması üçün təxminən 3 ilə qədər müddət lazımdır. Adətən reproduktiv dövrün xəstəliyi olub, xərçəng deyil, malignizasiya olmur, menopauza dövründə ölçüləri kiçilir. Yalnız 10 % xəstədə mioma menopauza dövründə böyüməyə davam edir. Bu miomaların uşaqlığı 1-2 kq-a qədər böyütdüyü qeyd edilir. Səhiyyə təşkilinin aşağı olduğu ölkələrdə uşaqlığın 6-7 kq-a qədər böyümüş miomalarına rast gəlinir. Xarici ədəbiyyatlarda 45 kq- a qədər böyümüş miomalara rast gəlindiyi qeyd edilir.

 

Miomanın formalaşmasındakı ən əsas səbəb dəqiq bilinməsə də, yüksək estrogen doyumluluğu ilə bağlı olduğu düşünülür. Endometrial hiperplaziya, endometrioz və endometrium xərçəngi kimi estrogen asılı olan pataloji halların mioması olan qadınlar arasında daha çox rast gəlinməsi məlumdur. Miomaların menopauza dövründə estrogenin təsirinin aradan qalxması ilə əlaqədar kiçilməsi, hamiləlik zamanı böyüməyə meylliliyin olmaması və GnRh antaqonistlərinin miomaların ölçüsünü kiçiltməsi yenə də, estrogen təsirini göstərir.

Miomaları yerləşmə yerinə görə 3 fərqli tipə bölünür: Submukoz (uşaqlığın daxili qatına yaxın), intramural (uşaqlığın əzələ qatına bitişmiş), subseroz (uşaqlığın xaricinə doğru böyüyən).

Lakin hər zaman miomaları inkişaf etdiyi yeri dəqiq ayırmaq mümkün olmur. Bunlar böyümələri, verdiyi simptomları, gedişatları, meydana gətirdiyi klinik tabloları, ağırlaşmaları və müalicəsi baxımından fərqliliklər göstərə bilər.

Submukoz miomalar uşaqlığın daxili qatının altından inkişaf edir, uşaqlıq boşluğunu doldurub uşaqlıq boynundan da çıxa bilərlər.

 

İntramural miomalar uşaqlıq divarı içində formalaşır. Müxtəlif böyüklüklərdə ola bilir, uşaqlığın səthində böyüklü-kiçikli təpəciklər yaratmaqla "kartof kisəsi” görüntüsü verir.

 

Subseroz miomalar uşaqlıqdan xaricə doğru böyüməklə adətən simptomsuz olurlar.

Miomaların əksəriyyəti hər hansı bir əlamət vermir, amma qadınlar adətən vaginal qanaxma, ağrı, böyümüş miomalarda xarici orqanlara təzyiq əlamətləri, sonsuzluq və xüsusən subseroz miomalarda qarnın böyüməsi kimi şikayətlərlə müraciət edirlər. Qanaxmanın ən sıx görünən xarakteri uzanmış və bol miqdarlı menstruasiyalardır. Bununla əlaqədar olaraq qadınlarda anemiya da önəmli əlamət sayılır.

Miomaların diaqnozu ginekoloji müayinə, USM, submukoz hallarda histerosalpinqoqrafiya və histeroskopiya ilə qoyulur.

Miomalarda ən çox rast gəlinən ağırlaşma degenerasiyadır. Degenerasiya böyüyən miomanın qidalanmasının pozulması nəticəsində inkişaf edir. Ağrı və temperaturla birlikdə rast gəlinə bilər. Mövcud olan mioma degenerasiya olduqda, xüsusən hamiləliyin ikinci yarısında, kəskin olaraq böyük və ağrılı hala gəlir, qusma, halsızlıq və temperatur olur. Bu zaman müdaxiləyə ehtiyac yoxdur, proses öz-özünü məhdudlaşdırır, ağrıkəsici və istirahət yetərlidir.

Miomalar və sonsuzluq

 

Submukoz  və interstisial (boruların başladığı yer) düyünlər daha çox hallarda sonsuzluğa səbəb olur. İnfertil qadınların 2-3% sonsuzluğun əsas səbəbi miomalardır. Miomalar uşaqlıq boşluğunun normal anatomik bütövlüyünü pozaraq implantasiyanı əngəlləyə və bəzən isə uşaqlıq borularının uşaqlıq dəliklərini təzyiq göstərməklə bağlaya bilərlər.

Mioma və hamiləlik

 

Hamiləlik zamanı miomaların ölçüləri böyüyür. Ancaq bu, həqiqi böyümə deyildir. Hamiləlik zamanı miomanın böyüməsinə səbəb mioma toxumasında meydana çıxan ödem, qan təchizatındakı artım və miomanın degenerasiya olunaraq daxilinə qanamasıdır. Hamiləlikdə degenerasiya adətən ikinci və üçüncü trimestrlərdə olur. Bu zaman şiddətli ağrılar və uşaqlığın həssaslığı kimi əlamətlər müşahidə olunur. Yataq rejimi və ağrıkəsicilərin istifadəsi ilə müalicə aparılır. Cərrahi müalicə məsləhət görülmür, çünki hamiləlik zamanı bu əməliyyat qanaxma ilə ağırlaşa bilər. Əməliyyat doğuşdan 3 ay sonraya qədər təxirə salınır. Bu zaman uşaqlığın qan təchizatı azalır, miomanın ölçüləri kiçilir, beləliklə, yarana biləcək ağırlaşmaların riski azalır. Mioması olan qadınlarda erkən və gec düşüklər, vaxtından qabaq doğuş, dölün antenatal ölümü, dölyanı mayenin vaxtından qabaq axması, dölün qeyri-düzgün vəziyyətləri, plasentar anomaliyalar baş verə bilər. İmplantasiya sahəsi miomanın yerində yerləşirsə, ağırlaşma riski 75%-ə qədər artır. Plasenta mioma yerində yerləşərsə, doğuş zamanı plasentanın ayrılma anomaliyaları riski artır və bu zaman plasentanın əllə ayrılması və ya uşaqlığın çıxarılması labüd ola bilər. Plasentanın bitişmə anomaliyaları və miomanın uşaqlığın yığılmasını pozması ilə əlaqədar zahılıq dövrünün qanaxmaları riski də artmış olur.

Mioması olan hamilələrdə dölə aid problemlər yoxdursa, fizioloji doğuşa üstünlük verilə bilər. Miomektomiya əməliyyatı (miomanın çıxarılması) keçirmiş qadınlarda hamiləlik  qeysəriyyə kəsiyi əməliyyatı ilə başa çatdırılmalıdır.

Reproduktiv dövrdə olan qadınlarda ölçüləri kiçik və simptomsuz miomalar USM ilə 3-6 ayda bir dəfə olmaqla dinamik müşahidə altında saxlanılır. Məqsəd miomaların böyüməməsi hallarında uşaqlığı zədələyə biləcək müdaxilədən imtina etməkdir. Menopauza dövründə miomaların ölçülərinin kiçilməyə meylli olması baxımından (qadının şikayəti yoxdursa) və daha böyük olan miomalar da dinamik nəzarətdə saxlanıla bilər. Menopauza dövründə miomalar adətən kiçilə bilər, lakin ciddi ağrı və qanaxmaya səbəb olma ehtimalı da yüksəkdir. Müşahidə zamanı böyüməyən, ölçüləri 12 həftəlik hamiləliyi keçməyən və hər hansı simptom verməyən miomalarda cərrahi müalicə tətbiq edilmir.

 

Miomaların müalicəsi cərrahidir, buna baxmayaraq, böyük ölçülü miomaların kiçildilərək cərrahi ağırlaşmaların riskini minimuma endirən bəzi üsullar da vardır. Bunlar qalıcı və həqiqi müalicə üsulu kimi qəbul edilmir. (lent.az)


loading...
Oxşar xəbərlər