Psixoloqdan HƏYƏCAN TƏBİLİ: “Uşaqlarınızın məhrəm yerlərinə toxunmayın”
Övladlarını əzizləmək bütün valideynlərə xas xüsusiyyətdir. Ata-ana uşaqlarına olan məhəbbətini müxtəlif formada büruzə verir. Onlarla bərabər vaxt keçirmək, əylənmək, öpmək, sığallamaq sözsüz ki, valideynlərə də mənəvi rahatlıq verir, uşaqlar qədər onlar da maraqlı zaman keçirirlər. Ancaq uşağa məhəbbətini ürəklərindən gələn formada təzahür edən valideynlər əlbəttə ki, bunun alt qatını düşünmürlər. Bu halda isə korkoranə sevgi təzahürü özlərinin də fərqinə varmadan səhvlərə yol vermələrinə gətirib çıxarır. Psixoloq Narınc Rüstəmova valideynlər üçün həyəcan təbili çalır. Mütəxəssis çoxuna adi görünən valideyn-övlad öpüşməsinin arxasında ciddi problemin olduğunu deyir. Aile.lent.az N. Rüstəmovanın övladını əzizləyən ata-analara bir neçə məsləhətini təqdim edir. Sosial şəbəkələrdəki fotolarda valideyn-övlad sevgisinin şahidi olan psixoloq bu mehriban münasibətin sevinci ilə yanaşı məyusluğunu da yaşayıb. Onların bir-birinə necə bağlı, sevgi dolu olmaları görünsə də, bəzi şəkillər mütəxəssisi ciddi məsələlər üzərində dayanmağa vadar edib: "Bəzi şəkillərə baxanda başa düşdüm ki, bunun çox dərinliyinə varsaydılar, belə böyük yanlışlığa yol verməzdilər. Qadınlar emosional varlıqlardır, bəlkə də onlardan bu cür addım gözləmək olardı. Ancaq bir atanın profilində balaca oğluyla öpüşmə səhnəsinin şahidi oldum. Bu mənzərə məni danışmağa vadar etdi. Nə ata, nə də ana üçün bu, yolverilməzdir. Uşaqların məhrəm yerlərinə toxunmaq, bunu bir oyuna çevirmək olmaz! Oyun şəklində dodaqdan öpüşmə uşaqlarda cinsi mövzulara qarşı münasibəti dəyişir ki, bu da yaşıdlarına və həmcinslərinə qarşı cinsi fikirləri ortalığa çıxarmasına gətirib çıxarır”. N. Rüstəmova qeyd edir ki, uşaqlara məhrəm yerlərinin toxunulmaz olduğunu kiçik yaşlarından öyrətmək vacibdir. Çünki gələcəkdə kollektivdə özlərini tualetə gedəndə tək başına qoruya bilsinlər. Tualet və hamam ehtiyaclarını isə uşaqlar maksimum 6 yaşdan sonra özləri etməlidirlər: "Məhrəmiyyət ilk olaraq ailədən başlamalıdır ki, bu, bir model kimi oturuşsun, adət halını alsın. Lütfən, əziz valideynlər, sevgi ehtiyaclarınızı həyat yoldaşınızdan tələb edib ödəyin. Xüsusən də, 3-6 yaş arası uşaqların "mən”inin formalaşan vaxtı ilk ideal gördüyü valideyninə hədsiz sevgi və bağlılığa aldanıb, belə səhvlərə yol verməyin. Əmin olun ki, bu, tamamlanmamış məhəbbətin nəticəsidir. Sonrakı peşmançılıq fayda verməz. İnanın, ətrafda bu qədər mənfi informasiya dolu mühitdə uşaqlar erkən cinsəlliklə rastlaşırlar. Bir də üstəlik biz onlara yüklənməyək”.