Övlad valideyninə əl qaldırarsa... - AKTUAL
Təbii ki, hər birimizin düzgün şəxsiyyət kimi formalaşmasında ailənin rolu əvəzsizdir. Ailə ən vacib sosial mühitdir. Bizim ətraf mühitlə də ilk tanışlığımız məhz ailədən başlayır. Buna görə də ailənin uşaq tərbiyəsində təsiredici rolu danılmazdır. Ailə tərbiyənin əsasıdır, mənbədir, kökdür. Məhz,niyə tərbiyədə ailənin rolu bu qədər önəmlidir? Bir neçə ay bundan qabaq belə bir situasiya ilə qarşılaşdım. Marketdə alış-veriş edən bir ana və övladı. Uşağın 10-12 yaşı olardı. Oğlan uşağı idi. Təkidlə bəyəndiyi oyuncağın alınmasını istəyirdi. Ana isə kənardan heç də xoş görünməyən bir tərzdə rədd cavabı verirdi. Qəflətən hər kəsin içində uşaq hoppanaraq anasının başına yumruq vurdu. Anası ona eyni "cavab"ı verdi. Onlar bu vəziyyətdə də heç nə almayaraq marketdən çıxdılar və hər kəsin reaksiyası artıq məlumdur. İnsan toplusu içərində olsun və ya olmasın bu cür vəziyyətin yaşanması sadəcə dəhşətdir. Belə halın yaşanması təsadüfü deyil. Əslində, bunun kökündə müxtəlif səbəblər dayanır. Görünür, bu ailənin özülündə bərpası lazım olan ciddi çatlar var. Uşağın gözü qarşısında atanın anaya qarşı şiddəti, ər-arvad münasibətlərinin düzgün qurulmaması, ən əsası övlad-valideyn münasibətlərinin düzgün tənzim olunmaması, ailəyə kənar şəxslərin müdaxiləsi, ailədə bütövlüyün olmaması və s. bu kimi hallar sonda belə bir nəticənin yaranmasına səbəb olur. Mən deyərdim ki, yaşanmış həmin situasiya hələ o ailə üçün başlanğıcdır. Biz hər gün KİV-dən müxtəlif kriminal hadisələr eşidirik. Bunlar içərisində oğul anasını bıçaqladı,övlad atasını öldürdü,nəvə pula görə nənəsini qətlə yetirdi və s. Heç kim zəmanət verə bilməz ki, həmin uşaqda bunları edənlərdən biri ola bilməz. Bu tipdə böyümüş uşaqların sabahısı gün nəinki, cəmiyyətə xeyirli bir vətəndaş hətta öz valideynlərinə xeyirli bir övlad olma ehtimalları sıfıra bərabərdir. Ailədə verilən düzgün tərbiyə uşağın gələcək inkişafını tənzimləyir. Ona görə də istər boşanmış ailədə, istərsə də münasibətlərində problemi olan ailədə valideynlər uşaq tərbiyəsində mümkün qədər öz çətinliklərini arxa plana atmalı, uşağın yanında bunu hiss etdirməməlidirlər. Valideynlər öz məsuliyyətlərini dərk etməli, bir insan yetişdirdiklərini unutmamalıdırlar. Uşaqlarının özgüvənlərini qırmamalı, onlara hörmət və əxlaqla davranmalıdırlar. Qadağalar tətbiq edərkən diqqətli olmalı, onlara fiziki və psixoloji zərbələr vurmamalıdırlar. Övladlarını qorxaq tərbiyə etməməlidirlər. Əslində uşaq tərbiyə etmək heç də asan bir iş deyil. Bunun üçün də valideynlər bu mövzuda əvvəlcədən maariflənməli,mövzu ilə bağlı kitablar oxumalıdırlar və ən əsası özləri tərbiyəli olmalıdır. Əziz valideynlər! Övladlarınıza vaxt ayırın, onlara diqqət yetirin, ən əsası onları şəxsiyyət kimi görün. Məsləhətləşin, dinləyin, özgüvənlərini qaldırın. Unutmayın ki, onların ən etibarlı sadiq dostlar məhz sizsiz! Sitarə Xəlilzadə, Bakı qızlar Universiteti, sosial psixologiya fakültəsi Dushunce.az