Yumurtalıq şişlərinin ayaqcığının burulması
Yumurtalıq şişlərinin ayaqcığının burulması.
Uşaqlıq artımlarının burulması kəskin ginekoloji xəstəliklər arasında tez-tez rast gəlinməsə də, çox təhlükəli xəstəlikdir. Burulmaya yumurtalığı qidalandıran uşaqlıq arteriyalarının şaxələri, yumurtalıq arteriya və venaları cəlb olunur. Şişdə əvvəlcə qan dövranı pozulur, sonra nekrozlaşma və periton boşluğuna yayılan aseptik iltihab baş verir.
Ən çox yumurtalıq şişinin ayaqcığının burulması baş verir.
Yumurtalıq şişinin ayaqcığı anlayışına anatomik strukturlar – yumurtalıq müsaqirəsi, yumurtalığın xüsusi bağı və yumurtalıq asılan bağ aiddir. Bu sadalananlar limfa damarlrı və sinirlərlə birlikdə anatomik ayaqcığı əmələ gətirir.
Yumurtalıq şişinin ayaqcığının burulmasının səbəbləri həmişə aydın olmur. Qarının ön divarı sallaq olan, çox doğmuş qadınlarda burulmaya daha çox təsadüf olunur. Bəzən şişin ayaqcığının burulması bədənin fırlanma hərəkətinin qəflətən dayandırılması (gimnastika zamanı, çarpayıda gövdənin döndərilməsi) fiziki gərginlik zamanı baş verir.
Şişin ayaqcığının burulması zamanı ilk növbədə onun qidalanması dayanır. Burulmanın dərəcəsindən asılı olaraq xəstəliyin klinikası da müxtəlif olur. Xəstəliyə vaxtında cərrahi yardım göstərilməzsə, ağır septiki ağırlaşmalr baş verə bilir. Adətən dermoid kistalar, yumurtalığın fibromioması və yumurtalığın kistomaları burulmaya meyilli olurlar.
Xəstəliyin əlamətləri aşağıdakılardır:
* qəflətən kəskin ağrıların meydana gəlməsi
* qarının ön divarının gərginliyi
* ürəkbulanma və qusma
* qəbizlik, nadir hallarda ishal
* bədən hərarətinin yüksəlməsi
* nəbzin sürətlənməsi
* dəri rənginin avazıması
* soyuq tər.
Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir. Xəstəlik tutmaşəkilli kəskin ağrılarla başlayır, sonra ürəkbulanma və qusma başlayır. Diaqnozun dəqiqləşməsində USM- in nəticəsi əsas götürülür.
Yumurtalıq şişinin ayaqcığının burulmasının müalicəsi cərrahi yolladır. Peritonizasiya enli bağın səhifələri hesabına aparılır. Əgər işemiya və venoz durğunluq əlamətləri keçərsə, əvvəllər qəbul edilmiş uşaqlıq artımlarının xaric olunması əvəzinə yumurtalığın rezeksiyası əməliyyatı aparılır.
immunitet.az