Başınız tərləyir, əzələ ağrılarınız varsa... - Xəbərdarlıq
Endokrinoloq Nadirə Ağazadənin yazısını təqdim edirik.
Vitamin D sümük sağlamlığının qorunması üçün çox önəmli vitamin sayılır. Bu baxımdan vitamin D-nin gündəlik ehtiyacı qarşılanmalıdır. D vitaminin normal əmələ gəlməsi üçün dərimizin günəş işığı ilə birbaşa təmasda olması lazımdır. Bunun üçün ən uyğun aylar may-oktyabr, ən uyğun saatlar isə 10:00-15:00 arası sayılır. Şüşə və tül arxasından günəşlənmək və ya günəş qoruyucu kremlərdən istifadə etməklə günəş vannaları qəbul etmək düzgün deyil.
Günəşsiz bir bölgədə yaşayırsınızsa və ya yetərincə günəşə cıxmırsınızsa, sizin vitamin D əskikliyi olma riskiniz olduqca yüksəkdir!
Daha kimlər risk altında ola bilər?
- Piylənməsi olan insanlar (BKİ> 30)
- Hamiləlik və uzun müddətli süd verən qadınlar
- Bəzi dərmanların qəbulu (epilepsiya eleyhinə, AİDS dərmanları)
- Hiperparatireodizm, limfomalar
- Xroniki böyrək və qaraciyər çatışmazlığı olanlar
- Yaşlı insanlar və s.
Vitamin D əskikliyi hansı şikayətlərlə özünü göstərir?
Bəzi hallarda şikayət verməyə bilər, amma bu əskiklik uzun muddət davam edirsə, özünü sümük-əzələ ağrıları, əzələ gücsüzlüyü, başın tərləməsi, depressiyaların olması ilə göstərir. Daha ciddi hallarda vitamin D azlığı böyüklərdə osteomalyasiya (sümük yumşalması), osteoparoz (sümük əriməsi), uşaqlarda isə raxit xəstəliyinin əmələ gəlməsinə səbəb olur.
Risk altında olan insanların qanında vitamin D miqdarı yoxlanmalı, əgər azlıq varsa, həkim göstərişinə əsasən D vitaminini qəbul etməlidirlər. Müalicədə əsas hədəf qanda 25(OH)D miqdarını 30-50 nq/ml arasında tutmaqdır.