Proteinin orqanizmə faydaları və zərərləri haqqında bilmədikləriniz - Kişiləri gözləyən BÖYÜK TƏHLÜKƏ
İdmanla mütəmadi məşğul olan kişilərin əksəriyyəti protein tozundan da istifadə edir. Bu, xüsusən də son zamanlar kişilər arasında dəb halını alıb. Kişilər əzələ yığmaq üçün məşq etməklə yanaşı protein də qəbul edirlər. Bəs bunun orqanizmə hansı faydaları və zərərləri var? Protein tozu haqqında bilmədiyiniz məlumatlarla sizi tanış edirik.
Protein tozu zülalların tozundan hazırlanmış qida əlavəsidir. Bunlar iki yerə bölünür: izolat növ proteinlər sırf əzələ kütləsini artırmaq, əzələ formasına qabarıq görünüş vermək məqsədilə, geyner növ isə əzələ kütləsinin həcmini böyütmək, çəkisini artırmaq və insanın öz çəkisini də artırmaq üçün istifadə olunur.
İlk növbədə onu bildirək ki, protein tozu ət, süd, yumurta, toyuq, lobya və başqa yeyilən qida məhsullarından hazırlanan zülaldır. Əsas fərqi qıraqdan əlavə edilən məhsul olmasıdır. Məşqçi Orxan Məmmədov proteinin məşqdən bir saat əvvəl və məşqdən dərhal sonra içilməsini məsləhət görür. O, proteinin ciddi zərərli maddə olmadığını deyir: "Məsələn, insan 5 toyuq yeyə bilməz, amma 1 qaşıq protein tozunda kifayət qədər protein və vitamin kompleksləri var. Bu da insan üçün xeyirlidir. Zərəri yalnız həddən artıq çox qəbul edildikdə ola bilər. Yalnız böyrəkdə problem yarada bilər. Başqa heç bir ziyanı yoxdur. Bu, bir həqiqətdir ki, protein qəbulunu dayandırdıqda əzələlərdə boşalma və sallanma baş verir. Ona görə də protein tozu qəbul etdikdə müntəzəm məşq etmək lazımdır. Normalda isə zülal əzələni yığmağa xidmət edir”.
Məşqçi protein tozunun kişilərdə cinsi zəiflik yaratması fikrini də təkzib edir. Lakin o şərtlə ki, bu qida əlavəsi fasilələrlə qəbul edilsin: "Proteini 1 ay içdikdən sonra mütləq 10-15 gün fasilə vermək lazımdır. Bir ay müddətində isə hər gün içmək lazımdır. Mütləq çəkiyə uyğun qəbul edilməlidir. Məsələn, 90 kilo çəkisi olan insan 90 qram protein içə bilər. Bu 90 qramı isə gün ərzində 2-3 dəfəyə bölmək lazımdır. Protein tozu ilə yanaşı, təbii zülallı qidalar da yeyilməlidir”.
O. Məmmədov deyir ki, kökəlmək istəyən xanımlar və bəylər də protein tozundan yararlana bilərlər. Onlar üçün isə kalorili qidalarla yanaşı, gündə 4 dəfə olmaqla və sonuncu yatmazdan yarım saat əvvəl qəbul etmələri məsləhətdir.
Diyetoloq Leyla Zülfüqarlı isə istənilən adamın protein tozu qəbul etməsini düzgün hesab etmir. Mütəxəssis bildirir ki, yalnız professional idmançıların müəyyən kateqoriyası, məsələn, ağır atletika və ağırlıq idmanı ilə məşğul olanlar protein tozundan yararlana bilərlər. Burada isə məqsəd əzələ yığmağa xidmət etməlidir. Protein tozu yalnız bu halda qida əlavəsi olaraq dəstəkləmə proqramında istifadə edilə bilər. Lakin trenajor və qaçışla məşğul olanların protein tozundan istifadə etmələri zərərlidir: "Ümumiyyətlə, qidalanma vacib elmdir. Qidanın özünün funksiyası var. Hər hansı bir xəstəlik dərman terapiyası və qidalarla müalicə edilir. Dərmanların xeyirli tərəfləri ilə yanaşı, yan təsirləri də olur. Məsələn, dərmanların metobalizmi qaraciyərdə getdiyi üçün toksiki təsir nəticəsində qaraciyər, böyrəklər artıq yüklənir. Protein tozları da qida əlavəsidir. Qidadan fərqi budur ki, həddən artıq çox qəbul etdikdə qaraciyəri, böyrəkləri yükləyir, bədənin su balansına təsir edir”.
Dietoloqun sözlərinə görə, nisbətən günahsız olan veb protein tozlarıdır ki, təmiz süddən hazırlanır. Lakin onlardan da yalnız xüsusi kateqoriyalı idmançılar bəhrələnə bilər. Bunun xaricində arıqlamaq üçün və ya sadəcə sağlam həyat tərzi məqsədilə idmanla məşğul olanların protein tozu qəbul etmələri məsləhət deyil. Çünki bu halda qidanın verdiyi effektlər yetərlidir və protein tozlarına ehtiyac yoxdur. Protein tozu terapiya məqsədilə də istifadə edilir: "Hər bir nemətin miqdarı var, artıq olanda ziyanları ortaya çıxır. Protein tozlarına da bunu aid edə bilərik. Yalnız professional idmanla məşğul olanlar dəstəkləyici terapiya kimi istifadə edə bilirlər. Ən əsası, protein məşqlər arasında qəbul edilməlidir. Davamlı olaraq protein tozundan istifadə etmək alışqanlıq yaradır. Bir çox xəstəliklər zamanı və ya bir çox cərrahiyyə əməliyyatlarından sonra ağızla qida qəbulu mümkün olmur və ya çətin olur. Bu halda orqanizmin protein ehtiyacı xüsusi hazırlanmış protein tozu ilə ödənilir”.
L. Zülfüqarlı proteindən həddən çox istifadənin cinsi zəifliyə də səbəb olduğunu təkzib etmir. Çünki protein ağırlığı çox olduğu təqdirdə cinsi aktivliyi meydana gətirən testesteron hormonunun səviyyəsinə də təsir edir: "Bizim gündəlik proteindən çox karbohidrata ehtiyacımız var. Qidalanmamızda rasionumuzun dörddə birini protein tutmalıdır. Sadəcə protein yeganə qida inqridientidir ki, orqanizmdə enerjini depolamır, yəni qida orqanizmə daxil olduğu təqdirdə enerjini depolamadan orqanizmdən xaric olunur. Yağ və karbohidrat isə enerjini depolayır. Məhz bu baxımdan bəzi insanlar xırda hiyləgərlik edərək kortəbii proteini qəbul edirlər. Çox qəbul etdikdə isə zülal yüklənməsi baş verir. Sadəcə insanlar məlumatsız olduqları üçün zülal ilə orqanizmlərimi yükləyirlər. Amma sonradan çox ciddi problemlər ortaya çıxır. İlk növbədə zülal mübadiləsi, su-elektrolit mübadiləsi pozulur, böyrək patologiyaları üzə çıxır və orqanizm balanslaşmış qida nisbətini itirməyə başlayır. Buna görə də protein tozlarının həddən artıq qəbulu kişilərdə zülal mübadiləsinin pozulmasına gətirib çıxarır. Nəticədə mübadiləsi pozulan orqanizmdə ən təhlükəli məqam olan bioloji pozuntular yarana bilər”. (lent.az)