Sızanaqlardan qurtulmaq istəyirsinizsə... Dermatoloqun tövsiyələri
Akne (civzələr və ya sızanaqlar) – tük follikullarının və piy vəzilərinin xəstəliyidir.
Bu, adətən dərisi yağlı və məsaməli olanlarda əmələ gəlir. Ən sıx yeniyetmə yaşlarda görünür, amma körpələrdə və böyük yaşlarda da görünə bilər.
Aknenin əmələ gəlmə səbəbləri coxdur. Cinsi yetkinlik dövründə həm qız, həm də oğlan uşaqların organizmi xeyli miqdarda kişi cinsi hormonunu ifraz etməyə başlayır. Bu hormon piy vəzilərini aktifləşdirərək üzün yağlanmasına səbəb olur və bu piyin içərisində bakteriyalar inkişaf etməyə başlayır.
Xəstəliyin şiddətinə görə Akne 3 qrupa ayrılır:
1. Acne comedonica – ilk mərhələdə burun, alın daha çox olmaq üzrə bütün üz, kürək və çiyin nahiyələrində "gara və ağ nöqtələr” dediyimiz qeyri-iltihabi elementlər (komedonlar) əmələ gəlir.
2. Acne papulopustulosa – bir müddət sonra bu "qara və ağ nöqtələrə” əlavə iltihabi elementlər əmələ gəlməyə başlayır və qırmızı səpkilər meydana gəlir.
3. Acne conglobata – aknenin daha ağır forması olub dəri altında kistlərin və nodullərin əmələ gəlməsidir.
Akne tipindən və ağırlığından asılı olaraq müalicə prinsipləri dəyişir.
İlk öncə bunu qeyd eləmək istəyirəm ki, üzdəki civzələri sıxmaq qəti qadağandır! Məhz bu səhv sızanaqların daha çox yayılmasına və çapıqların qalmasına səbəb olur.
Dəriyə düzgün qulluq olunmalıdır. Dərini təmizləmə məqsədi ilə müalicə üçün sabun və ya üz təmizləmə gellərin düzgün seçilməsindən başlamaq lazımdır. Bu seçim dərinin qalınlığı və yağlanma dərəcəsi, xəstənin cinsi və yaşına görə dəyişir. Xəstəliyin ağırlığına görə yerli və ya sistemik antibiotiklər və retinoidlər istifadə olunur.
Akne müalicəsi ən az 6 ay davam etməlidir.
Və son olaraq, əziz oxuyucularım!
- Sızanağları sıxmayın!
- Pəhriz saxlamayın! Yediyimiz yeməklərin civzələrin əmələ gəlməsi ilə əlaqəsi yoxdur!
- Qənə axtarmayın!
- Mədənizi müayinə etdirtməyin!
- Sadece dəri həkiminə müraciət edin!
Uzman Dr. Lalə Cahangirova
(saglamolun.az)