CÜTLÜKLƏR, DİQQƏT: Bu dəhşəti bir-birinizə yoluxdurmayın!
Süzənək, elmi dildə desək, qonoreya (tripper) cinsiyyət üzvlərinin xəstəliyidir. Əsasən cinsi yolla və doğuş zamanı anadan övladına yoluxur. Cinsiyyət orqanlarında qaşınma, göynəmə, sidiyə gedən zaman ağrı və s. əlamətlərlə özünü büruzə verir. Bu xəstəlik vaxtında və düzgün müalicə edilmədiyi halda sonsuzluğa, prostat vəzin xroniki və kəskin iltihabına, sidik kanalının darlaşması, qadınlarda uşaqlıq cisminin, uşaqlıq borularının, yumurtalıqların və kiçik çanaq peritonunun zədələnməsi, düz bağırsağın yaralanması kimi fəsadlarla nəticələnə bilir. Qadınlarda qonoreya çox zaman gizli inkişaf edir və gecikmiş şəkildə üzə çıxır. Qadınlar bu xəstəliyi yüngül hesab edib, çox zaman həkimə müraciət etmir və cinsi partnyorlarını da yoluxdurmuş olurlar. Fenomen.Az xəbər verir ki, mövzu ilə balı lent.az-a danışan ginekoloq Xoşqədəm İbrahimlinin sözlərinə görə, qadınlarda qonoreya iki cür - aşağı şöbənin qonoreyası və qalxan qonoreya şəklində müşahidə edilir: "Birinci növ qonoreya zamanı qadın sidiyə gedəndə qanama, göynəmə müşahidə edilir və tez-tez sidiyə çıxır. Qonoreya uşaqlıq boynunu zədələyibsə, bu zaman pis qoxulu, irinli-ifrazat xaric olunur. Bununla yanaşı qarında ağrılar, uretranın qızarması və şişməsi müşahidə edilir. Əgər irinli, qanlı ifrazat xaric olunursa, düz bağırsağın qonoreyasından şübhələnmək olar. Bəzən qadınlarda qanlı ifrazatı kandidoz - göbələk, ağrılı sidiyə getməni isə sistitlə qarışdırırlar. Qadınlarda xəstəliyin inkubasiya dövrü 10 günə qədər çəkə bilir. Odur ki, əmin olmaq üçün həkimə müraciət etmək lazımdır”. Həkim bildirir ki, qalxan tripper zamanı qarnın aşağı hissəsində ağrılar olur, qanaxma baş verir, menstruasiya tsikli pozulur. Tripper uşaqlıq boynuna yayılıbsa, qadının ümumi vəziyyəti pisləşir, hərarəti qalxır və bu, sonsuzluğa səbəb olur. Ginekoloqun sözlərinə görə, xəstəliyə bir neçə dəfə tutulmaq mümkündür. Qonoreya ağır fəsadlarla nəticələnə bilən xəstəlikdir. İnkubasiya dövrü 4-5 gündür. Ədviyyatlı qidalar, turşu və şorabalar tripperi daha da kəskinləşdirir. Xüsusən alkoqollu içki və siqaret xəstəliyə təsir edir və onu kəskinləşdirir. Hamilə qadınlar üçün süzənək xəstəliyinin xüsusi riski var. Belə ki, hamiləlik dövründə yoluxan süzənək uşağın tələf olmasına, düşməsinə, ağır doğuşa və çətin keçən hamiləliyə səbəb ola bilər. Doğuş zamanı qonoreya anadan uşağın gözünə və ya qız uşaqlarının cinsiyyət orqanına keçə bilər. Qonoreya qız uşaqlarında da müşahidə edilə bilər. Xəstəliyin görülməsi əsasən 2-10 yaşlarına təsadüf edir. Onlara bu xəstəlik analarından və ya digər xəstə qadınlardan keçə bilər. Qonoreya qızlarda vaginanı, sidik kanalını və vulvanı zədələyir: "Uşaqlarda çox zaman düzbağırsağın qonoreyası müşahidə edilir. Bu zaman cinsiyyət üzvü şişir, ödəmləşir, qan görülür. Qaşınma və göynəmə müşahidə edilir. Bu zaman uşağın ümumi vəziyyəti pisləşir, hərarəti qalxır. Xəstəliyə qarşı immunitet yaranmır”. Kişilərdə də qonoreya müşahidə edilir. Onlara isə xəstəliyə yoluxmuş qadınlardan keçir. Kişilərdə də eyni əlamətlər müşahidə edilir. Kişilərdə qonoreya sinir sisteminə və oynaq xəstəliklərinə yol açır. Androloq Kamil Baxşıyevin sözlərinə görə, qonoreya zöhrəvi xəstəlikdir və törədicisi - qonokokk 1879-cu ildə Neyser tərəfindən tapılıb: "Kişilər bu xəstəliyi xüsusilə ağır keçirir. Qanlı ifrazat, ağrı, ödəm və sidik-cinsiyyət orqanlarının selikli qişasına düşmüş qonokokk tez bir zamanda çoxalaraq iltihabi proses yaradır. Kişilərdə qonoreyanın inkubasiya dövrü 2-5 gündür. Kişidə cinsiyyət üzvündə ağrılar müşahidə edildiyi üçün cinsi əlaqəyə güc və həvəs olmur. Kişilər cinsiyyət kanalında olan irini sıxıb çıxarmamalıdır. Bu, daha ağır fəsadlarla nəticələnə bilər”. Müsahibimiz bildirir ki, qonoreyanın müalicəsi antibiotiklərlə aparılır və müalicəni vaxtından əvvəl saxlamaq sağlamlıq üçün zərərlidir. Tam müalicə edilmədikdə qonokokk virusu bədəndə qalır və yayılma ehtimalı artır. Qonoreyalı xəstənin yatağından, dəsmalından istifadə etmək xəstəliyin yayılmasına səbəb ola bilər. Buna görə hər zaman əllərinizi sabunlayın: "Qadında və ya kişidə bu kimi əlamətlər müşahidə edilirsə, cinsi əlaqəyə ara vermək, həkimə getmək məsləhətdir. Çünki əvvəlcə yüngül əlamətlərlə müşahidə edilən bu xəstəlik sonsuzluq kimi ağır fəsadla nəticələnə bilər”. Süzənək eynilə sifilis kimi böyük tarixə malik bir xəstəlikdir. Süzənək yaş və isti mühitləri sevir. Bu səbəblə də mukozada, vagina daxilində, sidik yolunda, bağırsaqlarda, qırtlaqda yarana bilər. Xəstə ilə cinsi əlaqə, oral və anal seks zamanı da süzənək yayılır. Süzənək bağırsaqlara yoluxubsa, qanlı, iltihablı ishalla, kişilərdə penisdən qanlı, iltihablı axıntıyla, qadınlarda vaginadan qanlı axıntıyla özünü göstərir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada hər il 60 milyon insan süzənək xəstəliyinə yoluxur. Qeyd etdiyimiz kimi, süzənək cinsi yolla və xəstənin əşyalarını istifadə etməklə yoluxur. Buna görə də: 1. Təsadüfi cinsi əlaqələrdən uzaq olun. 2. Həyat yoldaşınız, sevdiyiniz xəstədirsə, prezervativdən istifadə edin. 3. Eyni yataq, dəsmal, hamam ləvazimatlarından istifadə etməyin. 4. Əgər bilərəkdən cinsi əlaqəyə girmisinizsə, ikiniz də müalicə üçün həkimə müraciət edin.