Yayda uşaqlara belə paltarlar geyindirsəniz... - TƏHLÜKƏ

loading...

Yayda uşaqlara belə paltarlar geyindirsəniz... - TƏHLÜKƏ

Valideynlər əsasən qış aylarında uşaqların geyimlərinə daha çox diqqətli yanaşırlar, soyuqdan qorumağa çalışırlar. Lakin unutmaq olmaz ki, qış qədər yay fəsli də önəmlidir. Üstəlik, yayın isti günlərində uşaq paltarları xüsusi diqqət tələb edir. Əks halda bir-birindən rəngarəng və naxışlarına aldanaraq, "dəbdir” deyə geydirilən paltarlar bir çox sağlamlıq probleminə yol aça bilər. Türkiyəli uşaq həkimi Banu Küçük yay paltarlarında parçanın materialından tutmuş, rənginə qədər bir çox qaydaya diqqət etməyin lazım olduğunu deyir.  Mütəxəssisin yayda uşaqların necə geyindirilməsinə dair məsləhətlərini təqdim edirik.

 

Həkim bildirir ki, geyimlərin gözəlliyinə aldanmaq lazım deyil. Rəngarəng uşaq paltarları vizual olaraq həm uşaqları, həm də valideynləri cəlb edir. Ancaq burda diqqət edilməli çox əhəmiyyətli bir məqam var - paltarların kanserogen maddə ehtiva etməməsi: "Köynək, ti-şört və corablardan tərləmə yolu ilə bədənə keçən rəngləndirici və ağır metal ehtiva edən kimyəvi maddələr insan DNT-si üzərində təsirli olaraq xərçəng xəstəliyinə şərait yaradır. Ona görə də etibarlı məhsullar seçmək vacibdir. Geyimin parçası da çox əhəmiyyətlidir. Dəriyə zərər verməyən pambıq parçadan olan geyimlərə üstünlük verilməlidir. Neylon, sintetik kimi parçalar dərinin sağlam nəfəs almasına mane olur və problemlər yaradır. Eqzema kimi dəri həssaslığı olan uşaqların geyimləri sintetik olmamalıdır. Dəriyə birbaşa təmas edən paltarlar 100 faiz pambıqdan hazırlanmalıdır”.

 

Mütəxəssis açıq rəngli geyimlərə üstünlük verməyi məsləhət görür. Bu məqam yayda uşaqların sağlamlığı üçün çox vacibdir: "Günəş şüalarını keçirib əks etdirməsi məqsədilə açıq-pastel rəngli paltarlar geyindirilməlidir. Rəng və parçaya üstünlük verərək, dəbi düşünərək uşağın sağlamlığını ikinci plana atmaq olmaz”.

 

Son vaxtlar ultrabənövşəyi qorumalı uşaq məhsullarının istifadəsi getdikcə yayılır. Pediatrın sözlərinə görə, körpə dərisi böyüklərdən fərqli olaraq nazik və qorunmağa daha çox ehtiyacı olduğu üçün onları günəşdən qorumaq vacibdir: "Uşaqları günəşdən  qorumaq üçün, xüsusilə, tətil yerlərində UV qoruyucu parçadan olan geyimlər seçilməlidir. Yayda uşaqlara nazik paltarlar geyindirilməlidir. Ancaq körpələrin və yeni doğulmuşların dərilərinin yağ təbəqəsi nazik olduğu üçün çox asanlıqla istiliyi itirirlər. Ona görə də onlara böyüklərə nisbətən bir qat daha çox paltar geyindirmək lazımdır”.

 

Uşaqların paltarda rahat hərəkət etməsi də ön planda olmalıdır. Uşaqların hərəkətlərini məhdudlaşdırmayan, asanlıqla geyinilib-çıxarılan geyimlər seçilməlidir. Qol, yaxa və bel ağızlarının sərt olmamasına, yapşqan, düymə kimi ünsürlərə diqqət edilməlidir. Xüsusilə kiçik körpələrdə riski səbəbindən yapşqan və düyməli paltarlardan uzaq durmaq lazımdır.

 

Onu da əlavə edək ki, rəngləndirici maddələr çəkələk və ayaqqabılarda da təhlükəli tərəfini göstərir. Yayda tərləmə yoluyla bədənə keçən rəngləndirici və ağır metal ehtiva edən kimyəvi maddələr xərçəngə "dəvətnamə” yollayır. Ona görə də bu məqama diqqət edilməli və görünüşünə, dəbinə aldanaraq alınmamalıdır: "Yeriməyə yeni başlayan uşaq üçün ilk addım ayaqqabıları seçilməlidir. Yay ayaqqabıları hava keçirən olmalıdır. Ayaqların inkişafına mane törətməyəcək anatomik ayaqqabılara üstünlük verilməlidir. Dar və möhkəm ayaqqabılar geyindirmək olmaz. Ayaqqabılar yarım nömrə böyük alınmalıdır”.

 

Bu məqamlara diqqət edin:

 

- Yayda bədəndə tərləmə artdığından geyimlər daha tez-tez yuyulur. Xüsusilə, allergiyası olan uşaqların paltarları maye yuyucularla yuyulmalı və çox durulanmalıdır.

 

- Uşaqlarda günəş eynəkləri keyfiyyətli olmalıdır. Nazik şüşədən olan və UV qoruyucu filtrlisinə üstünlük verilməlidir. Kiçik şüşə yerinə göz ətrafını bağlayan günəş eynəyi seçilməlidir.

 

- Corabdır deyib keçməyin! Bütün gün ayaqda qaldığı üçün corab seçiminə də diqqət edilməlidir. Corablar dəriyə birbaşa təmas etdiyi üçün yüz faiz pambıq tərkibli olmalıdır. Allergiyası olan uşaqlar üçün bu məqam daha çox əhəmiyyətlidir. Möhkəm və dar corablardan qaçmaq lazımdır. 


loading...
Oxşar xəbərlər