İlhamə Qasımova: “Cavanlıqda gözəl oğlanla...” - MÜSAHİBƏ

loading...

Fenomen.Az müğənni İlhamə Qasımova lent.az-a müsahibini təqdim edir.

 

Bilirəm ki, bu yaxınlarda ayağınla bağlı xoşagəlməz hadisə baş vermişdi. İndi necəsən?

 

- İdmana gedirəm, orda ayağımı zədələdim. Amma həkimə getmədim, ayağım şişdi. Bizdə axı belə bir adət var: ölüm anına kimi həkimə getmirik. Mən də onlardanam. 3 həftədir belə də qalıb. Hündür daban geyinə bilmirəm.

 

Neçə vaxtdır idmanla məşğulsan?

 

- Ömür boyu idman həyatımda olub. Həndbolla məşğul olurdum. Orta məktəbi bitirdikdən sonra 9 il uzaqlaşdım. Sonra yenə idmana başladım. Arada 2 il yenə idmandan ayrıldım və kökəldim. Son 5 aydır ki, yenə arıqlamaq üçün əziyyət çəkirəm. Uşaqlıqda ən sevdiyim idman növü böyük tennis, fiqurlu kanki və gimnastika idi. Yüngül atletikaya isə baxmağı sevirdim. Professional idmançı olsaydım, böyük tennisi seçərdim. Tennisçi qızların geyimindən xoşum gəlirdi, ağ qısa yubka, ağ kofta. Mən kənddə böyümüşəm. O vaxt idmanla məşğul olmağa icazə vermədilər. Məncə, idmançı olsaydım, böyük uğurlar qazanardım. Həyatda ən çox idmanı və musiqini sevmişəm. Hər hansı sahədə uğur qazanmaq üçün onu çox sevməlisən. Amma özündən razı olmaq lazım deyil. Həmin sahəni sevib özündən narazı olmalısan ki, daha çox nəticələr əldə edəsən. Hənbolla məşğul olanda saatlarla topun arxasınca qaçırdım, uduzmağı qəbul etmirdim. Çünki motivasiya var idi. Amma indi 20 dəqiqə qaça bilmirəm. Mən piano da çalırdım. Bəlkə də gözəl pianist olardım.

 

Boyunun hündür olmağını da yəqin həndbola borclusan?

 

- Boyumun hündür olmağını genlərimə borcluyam. Ata tərəfim ucaboyludur. Qardaşlarım çox hündürdür. Qardaşımın 13 yaşlı oğlunun boyu 183 santimetrdir.

 

Özünü fiziki, yoxsa mənəvi baxımdan daha güclü hesab edirsən?

 

- Uşaqlıqda güclü idim. Kənd uşağı olmuşam axı. Hazırda fiziki baxımdan güclü deyiləm. İdmanda qızlar 10-20 kiloluq daşları qaldırırlar, şoka düşürəm, deyirəm siz ana olmaq istəmirsiz? Mənsə özümü çox ağır idmana məcbur etmirəm. Çünki problem istəmirəm. Hazırda həm mənəvi, həm fiziki baxımdan zəifəm. Güclü olmaqdan yorulmuşam. Hərdən adam istirahət etmək istəyir, istəyirsən hər kəs sənin nazını çəksin. Sonra ayılıram, deyirəm yəqin bu cür düşünmək qocalığın əlamətidir. Mənəvi baxımdan zəif olmaq sağlamlığa da bağlıdır. Son 2 ildə fiziki işim az oldu deyə kökəldim, hər baxımdan yoruldum, tənbəlləşdim, heç nə etmək istəmirdim. Ancaq oturmaq istəyirdim, hər şeyə marağım ölmüşdü. Əvvəllər səhnə daha maraqlı idi. Mahnılar tamaşaçılar tərəfindən maraqla qarşılanırdı. İndi ab-hava dəyişib, bu da məni yorub. Yaradıcı insan nədənsə ruhlanmalı, enerji almalıdır ki, sonra onu geri qaytarsın. Biz elə özümüz öz enerjimizlə işləyirik.

 

 

Bir ara yaxşı arıqlamışdın.

 

- Onda mənə deyilmişdi ki, layihə olacaq, o vaxta qədər arıqlamalıyam. Arıqladım da. Çünki mənə maraqlı idi, motivasiya vardı. Özümü idmana məcbur edirdim. Xaricdə olanda otelin idman zalına gedirdim. Xaricdə piyada gəzməyi çox sevirəm. Saatlarla  piyada gəzirdim. Həm də yaxşı qidalanmırdım. Gündə 1 dəfə qaçhaqaçla yeyirdim. 2 il heç nə etmədən çəkim azaldı. Sonra istirahət etdim və çəkim artdı.

 

Yeməklə aran necədir?

 

- Dadlı yeməkləri sevirəm. Bizim cənub bölgəsinin də mətbəxi zəngindir. Amma 4-5 aydır dadsız yeməklər yeyirəm. Lənkərana gedəndə uzağı 2 gün dözürəm, amma 3-cü gün yemək yeyirəm (gülür). Ümumiyyətlə, pəhriz saxlamıram, saxlasam, lap tez arıqlayaram. Sadəcə olaraq yeməyimə fikir verirəm. Yağdan istifadə etmirəm. Karbohidratı menyumdan çıxarmışam. Ancaq sobada bişirilən yeməklər yeyirəm.

 

Kosmetoloqa müraciət etmirsən?

 

- Pulum olanda kosmetoloqa gedirəm. Bir dəfə gedib hər hansı prosedur etdirməklə deyil, bu, gərək mütəmadi ola. Hələ ki, heç bir estetik əməliyyat etdirməmişəm. Hazırda buna ehtiyac duymuram. Amma pis də baxmıram. Hələlik dəriyə qulluq prosedurları etdirirəm. Gözəllik salonlarına isə demək olar ki, getmirəm. Makiyajı özüm edirəm. Makiyajı 1-2 nəfərə etibar edirəm, o da böyük səhnəyə çıxanda, hər hansı mühüm tədbir, klip çəkilişi olanda. Onlar da mənim üz cizgilərimə bələddirlər. Göz altı dərimdə problem var. Onlar bilirlər zədələmədən həmin problemi necə gizlətmək olar. Makiyaj efir üçün yaxşıdır, adam gözəl görünür. Amma həyatda qorxuludur, dərini qocaldır, məsamələri böyüdür. Yaxşı makiyaj vasitəsinə xəsislik etmədən pul xərcləyirəm. Çünki dərimin sağlamlığı önəmlidir. Pafoslu saç düzümlərini də sevmirəm. Sadəliyi sevirəm. Saçlarım fenlənməkdən korlanmışdı. O gün qayçını götürüb kəsmək istəyirdim, amma dayandım. İndi saçlarımı yığıram, fen vurmuram, maskalar edirəm ki, özünə gəlsin.

 

- Yeri gəlmişkən, qadınlar depressiyaya düşəndə ya saçlarını kəsdirirlər, ya rənglədirlər, ya da alış-veriş edirlər.

 

- Depressiyaya düşəndə saçımın rəngini dəyişə bilərəm. Amma depressiyada olanda heç yerə getmirəm, yemək qarşımda, kompüter önündə oturub kinolara baxıram. Motivasiya olmayanda depressiyaya düşürəm. Ona görə də kökəlirəm. Bəzən deyirlər ki, filankəs fikir edir, ağzına yemək dəymir. Elələrinə "xoşbəxt insan” deyirəm. Mənsə fikir edəndə daha çox yeyirəm. Depressiyada olanda yemək məni sakitləşdirir.  

 

- Bəs özün yemək bişirirsən?

 

- Əvvəl həvəslə bişirirdim. Ev işləri arasında bəlkə də yeganə olaraq yemək bişirməyi sevirdimsə, indi isə heç yemək də bişirmək istəmirəm. Amma adətən özüm bişirirəm. Yeməyi heç kimə etibar etmərəm. Arada isə yüngülvari sifarişlər edirik. Çörəkdən, düyüdən neçə illərdir imtina etmişəm.

 

Kökəlirsən, arıqlayırsan. Həyat yoldaşın buna nə deyir? Ümumiyyətlə, səni hansı halınla bəyənir?

 

- Bir ara məni lağa qoyurdu ki, kökəlmisən ha. Mən də əsəbləşirdim ki, kökəlməmişəm, amma kökəlirdim (gülür). Həyat yoldaşım deyir, "mənə sərf etmir sənin kökəlməyin. Arıqla”. Çünki tez-tez paltar alıram, əvvəlkilər əynimə olmur. Təzə paltar almalıdır, ona da pul gedir, sərf eləmir axı (gülür). Amma biz evlənən vaxt mən bundan da kök idim.

 

Sənin kimi hündürboylu xanımların həyat yoldaşlarının boy, çəki kompleksi olur adətən...

 

- Həyat yoldaşım balacaboy, kök kişidir (gülür). Mən hündür daban ayaqqabı geyinəndə ondan bir az uzun oluram. Amma eyni boydayıq. Heç bir kompleksimiz yoxdur. Mənim üçün kişinin gözəlliyi onun ağlıdır. Onun ağlı az olsaydı, özümü narahat hiss edərdim. Həyat yoldaşıma yaraşıqlı kişi də demək olmaz. Sadəcə olaraq çox ağıllıdır. Məni ona bağlayan yeganə sevgi telləri onun məndən çox ağıllı, dünyagörüşlü olmasıdır. Əvvəllər, cavanlığımda gözəl oğlanla görüşmüşəm, oturan kimi başlayıb geyimdən, "muskul”dan danışmağa. Demişəm, ay Allah, vaxt qurtarsaydı, durub gedərdim. Onun söhbətləri o qədər mənasız gəlib ki... Dünya gözəli də olsaydı, belə kişi ilə heç vaxt yaşaya bilməzdim. Beyni boş kişi ilə bir gün də yaşaya bilmərəm.

 

Tez-tez çəkinin dəyişdiyini deyirsən. Bu baxımdan yəqin qarderobunu da tez-tez dəyişirsən.

 

- 20-yə qədər səhnə geyimim var. O da demək olar yox sayılır. Çünki 1-2 dəfə geyindin, artıq o geyim yox hesab edilir. Həm ölçü, həm rahatlığa görə geyimlərimi xaricdən alıram. Bunun da 90 faizi idman üslubunda olur. Səhnə geyimi seçmək mənim üçün böyük dərddir. 3-4 gün mağaza gəzməkdən ayaqlarım ağrıyır. Paltar çoxdur, amma eləsini tapmaq istəyirəm ki, həm də qiyməti münasib olsun. Çünki uzağı 1-2 dəfə geyinəcəm. Deyə bilmərəm ki, min avro verib geyim alıram. Həyatı boyu belə şey etmərəm. Bir paltara uzağı 300 avro verə bilərəm. Amma o da çox gözəl olmalıdır. Ona görə də geyimə çox pul xərcləmirəm. 1-2 dəfə brend geyim aldım, peşman oldum, indi şkafdan mənə "baxırlar”. Tikdirməklə aram yaxşıdır. Amma tənbəllik edirəm. Yaxşı dərzim də var. Elə olub  ki, 2 günə geyim tikib verib. Almaniyada olanda gözəl parçalar almışdım. Evdə qalır. Tənbəllikdən aparıb tikdirmirəm. Ölçü-biçiyə getməyə həvəsim yoxdur.

 

Çox adam geyinmədiyi paltarı satışa qoyur, ya da kimlərəsə hədiyyə verir.

 

- Satışa vermərəm. Elə geyimlərim var ki, 90-cı illərdə almışam, hələ də təzə kimi qalır. Çünki paltarı səliqəli geyinirəm. Geyinmədiyim paltarları yığıb qohumlarıma verirəm. Ancaq 100 faiz geyinməyəcəyimi bildiyim geyimləri.

 

Fikir verirəm, arada aksessuardan çox istifadə edirsən, arada heç nə taxmırsan.

 

- Daha çox sırğa sevirəm. Boyuma görə böyük sırğalar taxıram. Böyük sırğa taxanda da artıq boynuma heç nə taxa bilmirəm. Bəzən hindsayağı görünürəm, hər şey taxıram. Onda da Oksanaya oxşayıram (gülür). Heç nə taxmayanda bilin ki, istədiyim aksessuarı tapmamışam. Çünki aksessuarlarım çoxdur, bir-birinə qarışanda tapa bilmirəm, əsəbləşib, heç nə taxmıram.

 

Bəs zinət əşyalarını sevirsən?

 

- Dəbli zinət əşyalarını sevirəm. Klassik zinət əşyalarını xoşlamıram. Həyat yoldaşım dədə-baba qaydalı zefir-sapfir dəst hədiyyə etmişdi. Anama verdim. Dedim "ana, ala bunu indi sən tax, 50-60 yaşım olanda mən taxaram” (gülür).

 

Geyimi tamamlayan digər aksessuarlar da var.

 

- Eynək xoşlayıram. 4-5 dənə eynəyim var. Amma hamısını cızmışam. Şərfi, yaylığı yalnız soyuqdan qorunmaq üçün taxıram, bəzək üçün yox. Ayaqqabı xəstəsiyəm. Elə vaxt olmur ki, xaricə gedəndə ayaqqabı almayım. Paltara vermədiyim pulu ayaqqabıya verərəm. Ayaqqabını həmişə geyinirsən, həm də ümumi görünüşə təsir edir. Sadə geyimlə gözəl ayaqqabı geyinə bilərsən və bu, ümumi görünüşü dəyişər. Həm də uşaqlıqdan ayaqqabı həsas yerimdir. Ayağımın ölçüsü çox böyük olub deyə, mənə ayaqqabı gec-gec alırdılar. İldə bir dəfə alınırdı, o da xarici marka. Çünki böyük ölçülü ayaqqabı tapılmırdı. Bir ayaqqabını cırılana qədər geyinirdim. Cəmi 4-5 çantam var. Çantanı brend alıram. Ona görə də azdır (gülür). "Prada”, "Louis Vuitton”, "Hermes” markaları varımdır. İtaliyada olanda 400 avroya qıyıb "Cocinelli” çanta aldım. Çünki çox bəyəndim. Çantanın içinə hər şey yığırdım. 3 ildir istifadə edirəm. Bir də Almaniyadan 1200 avroluq çəkmə almışam. Hər dəfə gedib baxıb gəlirdim. Bir dəfə gördüm ki, 600 avroya düşüb, yenə qıymadım. Növbəti dəfə 400 avro oldu. Yenə qıymırdım. Amma dedilər ki, cəmi bir ölçü qalıb - mənim ölçüm və bundan aşağı endirim olmayacaq. Onda özümü toparlayıb aldım. Çox da keyfiyyətli oldu. Uzun müddət geyindim. Yaxşı ki, aldım.

 

Ayağının ölçüsü neçədir?

 

-  7-ci sinifdən 41 ölçü ayaqqabı geyinirəm. 7-ci sinifdən də boyum 176 santimetrdir. Çəkim 84 kilo idi, arıqladım, indi 77 kilo olmuşam. İdeal çəkim 67 kq-dır. Amma bu çəkidə olmaq istəmirəm, çünki çox arıq görünürəm. 70 kiloda qalsam, bəs edər. Mən özümü birdəfəlik acından öldürüb arıqlatmıram, yeyə-yeyə arıqlamağı üstün tuturam. Çünki qəfil arıqlayanda sonradan sağlamlıq problemləri ortaya çıxır. Qəfil arıqlayanda qəfil də kökəlirsən.

 

Özünü model kimi sınamaq istərdin heç?

 

- Arıq olsaydım bəlkə də model olardım (gülür). Bəlkə böyük ölçülü model ola bilərdim. Maraqlı olar əslində. Amma Azərbaycanda yox. Bizdə bu sənət inkişaf etməyib. Xaricdə olsaydım, daha çox elm arxasınca gedərdim, yaradıcılıqdan uzaq olardım. Əgər başqa tale yaşasaydım, tam fərqli peşə sahibi olardım.  

 

Brend asılılığın var?

 

- Yox, əsla. Çox ucuz brend var - HM. O brendi çox sevirəm. Çünki eksklüziv modellər olur. Məsələn, bir geyim ancaq bir şəhərin bir mağazasında ola bilər. Berlində bu brendin geyimlərini alırdım. Oradan bir sırğa almışdım, hamı heyran qalmışdı. Brend olsaydı, 200-300 avro olardı, amma mən cəmi 19 avroya almışdım. Ucuz və gözəl. "The other stores” mağazalar şəbəkəsi var. Gənc dizaynerlərin əl işləri satılır, çox gözəl ayaqqabı, geyimlər olur. Hər dəfə xaricə gedəndə çalışıram həmin markadan nəsə alım. Bilirsən ki, o paltardan başqa heç yerdə tapa bilməzsən, çünki eksklüziv modellərdir. Amma dünya brendlərinə asılılığım yoxdur. Çünki o qədər pul qazanmıram. Evdə də yoldaşıma məcbur edə bilmərəm ki, mənə "Chanel” və ya "Dolce Gabanna” al. Bunlar hamısı mənasız şeylərdir. Həyatda bundan da önəmli məsələlər var.

 

Geyimdə öz zövqünə güvənirsən, yoxsa məsləhətləşdiyin insanlar var?

 

- Öz telekanallarımıza təmtəraqlı geyinmirəm. Çünki efirə tez-tez gedirik, hər dəfə geyim haqqında düşünmək olmur. Əslində efir geyimi planlaşdırılmalıdır. Səni geyindirən mağaza olmalıdır. Mənsə bu cür məsələlər arxasınca düşə bilmərəm. Uzağa getməyək, Türkiyədə müğənnilər efirə istədikləri kimi geyinə bilməzlər. Müğənnilərin reklam kompaniyası var. Onları xüsusi olaraq geyindirilər. Həmçinin də makiyaj. Mən Almaniyada televiziya verilişinə çıxanda mənim üçün geyim, makiyaj təşkil etdilər. Telekanalın özündə gözəllik salonu var. Verilişin formatına uyğun geyim, saç düzümü olmalıdır. Bizdə belə olmadığı üçün mən öz zövqümə güvənirəm. Amma konsert olanda, seçim edə bilməyəndə məsləhətləşirəm. Çoxları deyir ki, mən zövqsüz geyinirəm. Mən geyimə zövqlü geyinənlər qədər pul xərcləmirəm. Çünki bu, mənə maraqlı deyil, əhəmiyyət kəsb etmir. İstəsəm, çox pul xərcləyərəm və zövqlü də görünərəm. Bu xəsislikdən irəli gəlmir. Mən çox pul qazanmıram, ailəmin hesabına yaşayan adamam. 5 manat artıq pulum olanda boş yerə xərcləməyə heyfim gəlir. Çünki mənim bir günə xərclədiyim pula kimsə bir ay dolana bilər. Geyim mənim üçün əski parçasıdır. Ayda bir milyon qazansaydım, özümə 5-10 minlik geyim alardım. Kim arxamca nə danışır mənə maraqlı deyil. O mərhələni 16 yaşımda keçmişəm. Dünyada mənəvi zənginlik hər şeydən önəmlidir. Mən pulu mənəvi zənginliyə xərcləyərəm. Pulum olsa kiminsə əlindən tutaram. Ailə var aylarla evinə ət ala bilmir. Bu cür insanlara kömək edərəm, paltarlara pul xərcləmərəm.

 

- Ümumiyyətlə, ən çox pulu nəyə xərcləyirsən?

 

- Gəzməyə, səyahətə. Xarici ölkəyə də gedəndə 5 ulduz oteldə qalmıram, biznes klasda uçmuram. 5 ulduz oteldə qala bilərəm, əgər endirim varsa. Otelə ancaq yatmağa gedirəm. Otaq təmiz olsun kifayətdir. Çünki bütün gün gəzirəm, küçədə yeyirəm. Çox vaxt isə səyahətə gedəndə ev tuturam. Yeməyi özüm bişirirəm, pula qənaət edirəm. İspaniyada kirayə ev götürmüşdüm. Orada yeməkləri donuz ətindən bişirirlər. Ona görə evdə qalırdım ki, özüm alıb bişirim. Barselonada 5 ulduzlu otelə verəcəyim pulla 40 gün Avropada gəzdim. Əsas odur şəhərləri, tarixi abidələri görüm. Hədiyyələrə də pul xərcləyirəm. O da ancaq doğmalarıma. Qardaşım uşaqlarına geyimlər almağı sevirəm. Yoldaşıma isə xüsusi hədiyyə almalıyam. Özü də brend marka. Ona deyirəm, elə bil ulduz mən yox, sənsən (gülür).

 

- İndiyədək sənə ən bahalı hədiyyəsi nə olub?

 

- Bu mövzuda romantik-sentimental deyiləm. amma mənə bahalı hədiyyə verməyini istəyirəm. Ad günüm olanda heç kimə qıymıram mənə hədiyyə alsın. Amma yoldaşımdan xüsusi hədiyyə gözləyirəm. Hədiyyə gözlədiyim yeganə insan həyat yoldaşımdır. Bu il ad günümdə xüsusi, eksklüziv, bahalı boyunbağı bağışladı. Mənə maşın da hədiyyə edib, qızıl-zinət əşyaları da.

 

Ətirlərlə aran necədir?

- Çox sevirəm ətirləri. "Dior”un Rambre seriyasını Qətərdən 200 dollara almışdım. "Sisley”, "Ambre nuit”, "Dior", "Chanel chans”ı xoşlayıram. Şirin yox, acılı badam iylərini sevirəm. Çoxunun bəyəndiyi "Tom Ford”u sevmirəm. O iy mənə çatmır. Heç vaxt ətirə min avro vermərəm. Ətirə çox pul verməyə israfçılıq kimi baxıram. Çox gözəl firmalar var ki, qramla və qənaətli ətirlərini almaq olar. 10 min avroya ətir satırlar. Bunu aldım, vurdum, sonra? Belə şeylərə çox mənasız baxıram. 

 

 

Çimərlik mövsümüdür, hovuza, dənizə gedirsən?

 

- Getmirəm, utanıram. Xaricdə getmişəm, çünki heç kim tanımır. Lənkərana gedəndə çimərliyə gedirəm, o da səhər saatlarında, heç kim olmayanada. Bizdə öz gözündə tir görməyənlər başqasının gözündə çöp axtarır. Özünün yanında bikini geyinənlərə baxmırlar, amma bir tanınmış insanı bikinidə görəndə min söz deyirlər, ya şəkilin çəkirlər, yayırlar. Kim mənə zəmanət verə bilər ki, çimərlik geyimində şəklimi çəkib yaymayacaqlar? Ona görə də nə çimərliyə gedirəm, nə dənizə, nə də hovuza. İspaniyada isə çimərlikdə elə gözəl bədən quruluşu olan qızlar gördüm ki, bir də çimərliyə getmədim (gülür).


loading...
Oxşar xəbərlər