Təbii doğuş vaginada genişlənmə və sallanmaya səbəb olurmu
Hamilələri və ümumiyyətlə, qadınları maraqlandıran mövzulardan biri təbii (vaginal) doğuşdur. "Təbii doğuş çoxmu ağrılıdır?”, "Təbii doğuşun fəsadları nələrdir?”, "Təbii doğuş vaginada genişlənmə və sallanmaya səbəb olurmu?”
Qadınları maraqlandıran bu kimi suallara cavab olaraq mütəxəssis fikirlərini təqdim edirik.
Ananın hər hansı sağlamlıq problemi yoxdursa, qeysəriyyə kəsiyi əməliyyatı yerinə təbii doğuşa daha çox üstünlük verilir. Qeysəriyyə əməliyyatına nisbətən normal doğuşdan sonra sağalma müddəti daha qısadır.
Təbii doğuş sayəsində körpəylə yanaşı ana da bir çox üstünlük əldə edir. Təbii doğuş sayəsində prolaktin (süd hormonu), oksitosin hormonu ifraz olunur, sinə genişlənir, süd vəziləri yaxşı inkişaf edir. Normal doğuş zamanı qadın analıq duyğusunu daha çox hiss edir.
Bəs qadınlar niyə təbii doğuşdan qorxur? Səbəblərdən biri psixolojidirsə, digəri vaginal genişlənmədir. Yırtığın böyüklüyü körpənin gəliş şəkli və çəkisi ilə əlaqəlidir. Təbii doğuş zamanı vaginada az miqdarda sallanma zərər verməz, zamanla yenə əvvəlki vəziyyətinə qayıdacaq. Qayıtmazsa, əməliyyatla bərpa etmək olar. Vaginanın sallanması doğuş zamanı ananın verdiyi güclə əlaqəlidir. Buna görə güc vermələri azaltmaq lazımdır. Doğuş zamanı epidural anesteziya ilə sancı və ağrı azaldılır. (aile.lent.az)