Hamiləlik zamanı qusma ilə bağlı verilən suallar - Türkiyəli qadın həkimin cavabları
Türkiyəli qadın həkimi Məlik Yazır hamiləlik zamanı qusma ilə bağlı ən çox verilən sualları cavablandırıb. Türkiyə mətbuatına istinadən həmin sualları və cavabları təqdim edirik. - Hamiləlik zamanı qusmaya səbəb nədir? - Hamiləlik zamanı meydana gələn hormonal dəyişikliklər, xüsusən də progesteronun artması həddən çox qusmaya səbəb olur. Bununla yanaşı, ananın psixoloji vəziyyəti də vacibdir. Qadının özünü hamiləliyə hazır hiss etməməsi ürək bulanması və qusmanı artıran səbəblərdəndir. - Hamiləlik zamanı qusma nə vaxt həddini aşır? - Hamilə qadın gün ərzində davamlı olaraq qusur, heç bir şey yeyib-içmir və çəki itirməyə başlayırsa, bədəndəki su itkisi səbəbindən göz çuxurlarında çökmə, sidikdə azalma baş verir. Bu cür hallarla qarşılaşdıqda hamilə qadın mütləq həkimə müraciət edib müalicəyə başlamalıdır. - Hamiləlik üçün tipik olan qusma hansıdır və nə qədər davam edir? - Hamiləlik zamanı qusma ilk 3 ayda daha tez-tez rast gəlinir. Bu müddət hər zaman olmamaq şərtilə getdikcə azalmalıdır. Hamiləlik zamanı tipik qusma qadın başını yastıqdan ayıran kimi başlayır. - Həddən artıq qusmanın körpəyə ziyanı varmı? - Müalicəyə tez başladıqda körpəyə heç bir ziyanı yoxdur. Bundan başqa, körpə kiçik olduğu üçün anadan qidalanma ehtiyacı çox azalır. - Həddən artıq qusmanın anaya ziyanı hansıdır? - Hamilə qadın gün ərzində 2-3 dəfə qusmasına baxmayaraq, yemək və içməkdən imtina etmirsə, çəkisi azalmırsa, bədənində su itkisi ilə bağlı dəyişikliklər yaranmırsa, bu cür qusmaların anaya zərəri yoxdur. Əgər hamilə qadın heç bir şey yeyib-içmədən davamlı olaraq qusursa, çəki və su itkisi ilə bağlı dəyişikliklər yaranırsa, mütləq həkimə müraciət etməlidir. Bu cür vəziyyətdə hamilənin yağ ehtiyatı enerji üçün yanmağa başlayır. Qanda və sidikdə aseton deyilən yağların yanması səbəbindən istehsal edilən maddə artır. Əgər müalicə edilməzsə, gələcəkdə qaraciyər və böyrək funksiyalarında pozuntular başlayar.