Həyat yoldaşından şübhələnən hamilə qadınlar - Psixoterapevtin fikirləri
Hamilə qadınların bir çoxu daim həyat yoldaşlarından şübhələnir, ərlərinin onlara xəyanət etdiklərini düşünürlər. Əllərində dəlil olsa da, olmasa da, daim aldadılacaqlarına dair qorxu, qayğı və narahatlıq keçirirlər. Türkiyəli psixoterapevt Rıdvan Üney deyir ki, bəzi qadınlar bu qorxusunda həqiqətən haqlı ola bilər. Bunlar keçmişdə həyat yoldaşı, yaxud tərəf müqabili tərəfindən aldadılan və bu mövzuda problem yaşayan qadınlardır. Ona görə də həyat yoldaşına etibarı sarsılıb. Ancaq daha əvvəl belə bir problem yaşamayan, dəqiq məlumatlar olmadığı halda ərindən şübhələnən qadınlar da var. Psixoterapevtin həyat yoldaşından şübhələnən hamilə qadınlar haqda fikirlərini təqdim edirik.
R. Üney hamiləlik dövründə qadınların aldadılmaq qorxusunun riskli olduğunu deyir. Bunun isə həqiqətən də bir sıra səbəbləri var: "Uzun müddət davamlı olaraq cinsi əlaqədən uzaq qalmaq qadında fiziki dəyişikliklər (çəki artımı, şiş), gərginlik, yorğunluq və əsəbi hal, dünyaya gələcək körpəyə baxa bilməmək qorxusu aldadılmaq şübhələrini təmin edir. Qadın bunların öhdəsindən gəlməyə çalışır, ancaq mövcud olan məlumatlar vəziyyətin heç də asan olmayacağı istiqamətində nəticələr çıxarmasına səbəb olur”.
Kişilər hamiləlikdə aldadarmı?
Aparılan araşdırmalar sübut edib ki, hamiləlik müddətində aldatma halları digər zamanlara nisbətən daha çox olur. Lakin mütəxəssis bu vəziyyətin səbəblərini nəzərdən keçirməyin lazım olduğunu vurğulayır: "Pis gedən evliliyi qurtarmaq üçün hamilə qalmaq problemləri azaltmaq əvəzinə daha da ağırlaşdıracaq. Eyni zamanda, evliliyin pis getməsi ilə yanaşı kişinin aldatmaları da varsa, iş daha da çətinləşir. Qadın və kişinin bir-birini tam olaraq tanımadan yaranan hamiləliklər daha bir riskdir. Bir uşaq dünyaya gətirmək qadın üçün də, kişi üçün də böyük məsuliyyətdir. Bu səbəbdən də qarşısındakının bu məsuliyyəti öz üzərinə götürüb-götürməyəcəyini qiymətləndirmək lazımdır”.
Hamiləlikdə cinsəllik mövzusunda məlumat sahibi olmamaq, yeni cinsi təcrübələrə açıq olmamaq, hamiləlikdə istifadə edilən cinsi əlaqə mövqeləri haqqında danışmamaq da problemlər arasındadır: "Hamiləliklə birlikdə prioritetlərin dəyişməsi, yeni dövrə uyğunlaşmaq, əsas sevgi və diqqətin doğulacaq körpəyə istiqamətlənməsi cütlüklərin bir-birlərinə olan marağının azalmasına səbəb olur. Bu da artıq maraq mərkəzi olmamaq qorxusu yaradır”.
Şübhəsiz ki, cinsi əlaqə insan üçün əhəmiyyətlidir. Ancaq hamiləlikdən əvvəl uyğun olmayan və doyum təmin etməyən cinsi həyat hamiləlik vaxtı daha böyük problem halına gəlir. Eyni zamanda, hamiləliklə əlaqədar cinsi məlumatın məhdud olması, doğru olmayan inanclar problemləri daha da böyüdür: "Mütəxəssislər hamiləliyin cinsi əlaqəyə müsbət və ya mənfi qatqısı olmadığını deyirlər. Nizamlı şəkildə doğuş müayinələri etdirən qadınlar hamiləliyin son ayına qədər rahatlıqla cinsi həyatlarını yaşayırlar. Həmçinin cinsi həyat haqqında daha geniş düşünmək, cinsəlliyin yalnız cinsi birləşmədən ibarət olmadığını və bundan başqa yaşanılacaq məqamların olduğunu bilmək də vəziyyəti asanlaşdırır”.
Mütəxəssis deyir ki, hamiləlik zamanı qadında yaranan fiziki dəyişiklik, artıq çəki də bəyənilmə və arzu edilmə ilə bağlı şübhələr, qorxular yarada bilər. Güvən, yaxınlıq, sevgi, eşq, səmimilik kimi duyğular fiziki dəyişiklikləri adi qəbul etdirir. Hamilə olmaq qadının cazibədarlığını dəyişmir. Aparılan araşdırmalar göstərir ki, cazibədarlıq yalnız fiziki görünüşlə bağlı deyil: "Əgər hamiləlikdə aldadılma qorxusu həqiqətdirsə, mənfi hamiləlik dövrü, depressiya, boşanmaya qədər bir çox pis hallar yaşana bilər. Lakin bilirik ki, hamiləlikdə aldadılma qorxusu əksərən həqiqi olmayan narahatlıqlardan ibarətdir. Ancaq bu qorxunun həqiqi olmaması cütlüyün arasında problem meydana gəlməsinə mane olmur. Məsələn, qadın qorxduğu üçün həyat yoldaşının telefonu, kompüteri, pulqabına nəzarət edirsə, həqiqi olmayan qorxular səbəbindən əri ilə mübahisə edirsə, küsəyən olursa və hər vəziyyətdən başqa bir məna çıxarmağa başlayırsa, o zaman vəziyyət kritik bir hal alır. Aldatma olmasa da, depressiya, dava-dalaş və boşanmaya qədər gedən mənfi hallar yaşanır”.
Aldadılma qorxusunun öhdəsindən necə gəlmək olar?
Həkim hamiləlikdə hormonal, fiziki, ruhi dəyişikliklər baş verdiyi üçün həqiqətə söykənməyən aldadılma qorxusunun öhdəsindən gəlməyin mümkün olduğunu deyib. Bunun üçün 10 qızıl qayda var. Onlar aşağıdakılardır:
1. Şübhələrinizi və narahatlığınızı şişirtmədən həyat yoldaşınızla paylaşın.
2. Fiziki və cinsəlliklə əlaqədar dəyişikliklərdən necə təsirləndiyinizi ona başa salın.
3. Həyat yoldaşınızla birlikdə bəzi tədbirlər görün.
4. Hamiləlikdə bir hobbi əldə edin.
5. Özünüzə və gözəlliyinizə qulluq etməyə laqeyd yanaşmayın.
6. Hamiləlikdə cinsəllik mövzusunda mütləq qadın həkimindən məlumat alın.
7. Hamiləlik dövründə uyğun idman və fiziki hərəkətlər edin.
8. Həyat yoldaşınızla sevgili olmağa və eşqbazlıq etməyə çalışın.
9. Mütləq gülümsəyin, gülmək insanda müsbət hisslər yaradan hormonların miqdarını artırır.
10. Əgər problem münasibətinizi zədələməyə başlayıbsa, psixiatr və ya psixoloqa müraciət edin.